"Bizi maraqlı oyun gözləyir. Rəqib güclüdür. Klub səviyyəsində bir çox nailiyyətlər qazanan yeni baş məşqçiləri var. İstərdim ki, sabah komandam baxımlı oyun göstərsin və yaxşı nəticə qazansın".
Fanat.Az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov iyunun 5-də Astanada Qazaxıstan yığması ilə keçirəcəkləri yoldaşlıq oyunu barədə danışarkən deyib.
46 yaşlı mütəxəssis matçdan əvvəl təşkil edilən mətbuat konfransında Qazaxıstanın Macarıstan və Bolqarıstana qarşı oyunlarını analiz etdiyini söyləyib: "Komanda fəal oynayır. Müdafiədən hücuma keçiddə cəld hərəkət edir. Bu cür rəqiblə oynamaq çox çətindi. Rəqibin heyətində heç kimi fərqləndirməyəcəyəm. Bu, mənim tərzim deyil. Biz hər bir oyuna qələbə qazanmaq məqsədi ilə çıxırıq. Sabahkı qarşılaşma da istisna olmayacaq. Hansısa komandaya qarşı tez-tez oynayanda, prinsipiallıq artır. Bəzi futbolçular Qazaxıstan yığmasına qarşı ilk dəfə oynamayacaqlar”.
Qurbanov milliyə dəvət etdiyi yeni futbolçuların sabah meydana çıxa biləcəyini deyib: "Bəli, mümkündü. Biz heyəti dəyişəcəyik. Hətta görüşün gedişində də bu tip dəyişikliklər edə bilərik. Komandaya çağırılan bütün oyunçular şans əldə edəcəklər".
Fanat.Az