Ölkə kubokunu qazanmaqla Avropa Liqasına yolu açılan "Keşlə”də hərəkətli günlər yaşanır.
Fanat.Az xəbər verir ki, qəsəbə təmsilçisi yeni trasnferlərlə danışıqlar aparmaqla yanaşı ötənilki heyəti də qorumağa çalışır.
Artıq bu istiqamətdə ilk addımlar da atılıb.
Slavik Alxasovla 2, Fuad Bayramovla 1 illik anlaşmaya imza atan paytaxt təmsilçisi Tərlan Quliyev, Orxan Sadıqlı və Sərtan Taşkının da müqaviləsinin müddətini uzadıb. Rəhbərlik hazırda Sezar Meza Kolli ilə danışıq aparır. Komandanın aparıcı üzvünün bir neçə müştərisi var ki, onlardan biri "Qəbələ”di. Ancaq baş məşqçi Yuri Maksimovun israrla qalmasını istədiyi futbolçulardan biri məhz Sezardı.
"Keşlə”nin hazırlıq planı da böyük ölçüdə müəyyənləşib. Paytaxt təmsilçisi iyunun 20-də toplanışa start verəcək. Hazırda vətənində istirahət edən baş məşqçi Maksimov da özünü həmin tarixə qədər Bakıya çatdıracaq. Təlim-məşq toplanışının Türkiyədə olacağı da dəqiqləşib. Boludakı toplanış iyunun 23-dən iyulun 6-dək nəzərdə tutulub. Sonrakı proseslər püşkün nəticəsindən asılı olacaq.
Fanat.Az