"Əlbəttə, Çempionlar Liqasının təsnifat mərhələsində asan rəqiblərin olmayacağını gözləmək tam aydın və məntiqlidi. Ölkə çempionu olan istənilən komanda hörmətə layiqdi. Fikrimcə, 5 potensial rəqibimiz arasında Cənubi Kipr APOEL-i ilə "Qarabağ" yüksək keyfiyyətli komandalar idi. Lakin siz də ən yaxşılar arasında olmaq istəyirsinizsə, ən yaxşılara qarşı oynamalı və qələbə qazanmalısınız".
Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi "Olimpiya”nın baş məşqçisi İliya Stolitsa deyib.
Serb mütəxəssis Azərbaycan təmsilçisinin daha böyük büdcəyə malik olduğunu vurğulayıb. O, eyni zamanda Ağdam komandasının yüksək keyfiyyətindən bəhs edib. 39 yaşlı baş məşqçi Avropa Liqasının qalibi İspaniya "Atletiko"sunun məhz "Qarabağ"la görüşlərdəki xal itkisi üzündən Çempionlar Liqasında qrupdan 1/8 finala yüksələ bilmədiyini xatırladıb.
Stolitsa "Qarabağ"a qarşı yeni transferlərlə daha yaxşı hazırlaşacaqlarını da diqqətə çatdırıb: "Oyunçularımın əzmkarlığından və işə yanaşmalarından razıyam. "Olimpiya"da çox yaxşı insanlar və oyunçular toplaşıb. Standart mövqelərdə bir neçə oyunçusuz qalmışıq. Təbii ki, onları ən azı özləri keyfiyyətində oyunçularla əvəzləməliyik. Baş məşqçi olduğum müddətdə buna can atacağam. Komandamızın güclü xarakteri var. "Olimpiya" qələbəni düşünür və yeni transferlərdən sonra komandamız gənc sloveniyalı oyunçulardan və keyfiyyətli legionerlərdən ibarət olacaq. Hazırda yalnız vaxt çatışmazlığımız var".
Gənc mütəxəssis hazırda Macarıstan "Videoton"unda çalışan dostu və "Olimpiya"dakı sələfi Marko Nikoliçlə qarşılaşmaq istəmədiyini də sözlərinə əlavə edib: "Marko ilə biz bir-birimizi yaxşı tanıyırıq. Püşkün sonuna doğru rəqib qismində "Videoton" və "Qarabağ" qaldıqda, mən bizə ikincinin rəqib olmasını arzulayırdım. Hərçənd, bu komanda maliyyə cəhətdən güclüdür və daha yüksək reytinqə malikdir".
Qeyd edək ki, Çempionlar Liqasının I təsnifat mərhələsində "Olimpiya" və "Qarabağ" arasındakı ilk görüş iyulun 11-də Lyublyanada, cavab oyunu isə bundan bir həftə sonra Bakıda olacaq.
Fanat.Az