Türkiyədəki təlim-məşq toplanışını başa vuran "Neftçi” Bakıya qayıdıb.
Fanat.Az-ın klubun saytına istinadən məlumatına görə, komandanı hava limanında azarkeşlər qarşılayıb.
"Neftçi” Avropa Liqasına hazırlığı ara vermədən davam etdirəcək. Komanda toplanışın son mərhələsini İsmət Qayıbov adına təlim-məşq bazasında keçəcək. Artıq sabah 09:30-da ilk məşq baş tutacaq.
Qeyd edək ki, iyunun 22-dən iyulun 6-dək Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi” Makedoniyanın "Şkupi” (2:0), Rumıniyanın "Dunarea Kalarası” (2:0), "Politexnika İaşi” (3:1), həmçinin Bosniya və Herseqovinanın "Çelik” (4:1) klubları ilə yoxlama görüşündə üz-üzə gəlib. Bakılılar bu mövsüm ilk rəsmi oyununu iyulun 12-də Avropa Liqasının I təsnifat mərhələsində "Uypeşt”ə (Macarıstan) qarşı keçirəcək. "Dalğa Arena”da baş tutacaq oyun 21:00-da start götürəcək.
Fanat.Az