"Öncə azarkeşlərimizdən üzr istəyirəm - həm öz adımdan, həm də komandam. Adımıza yaraşmayan futbol oynadıq. İkinci matçda daha hazırlıqlı olacağıq. Bu, bizim üçün çox ağır siqnal oldu. Düzəlməyən bir şey yoxdu, komanda şəklində bu yükün altından çıxa biləcəyik".
Fanat.Az xəbər verir ki, bu sözləri "Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov deyib.
Avropa Liqasının I təsnifat mərhələsində "Proqres”lə qarşılaşan "qırmızı-qaralar” evdə 0:2 hesabı ilə məğlub olub. Matçdan sonra mətbuat konfransı keçirən çalışdırıcı fikirlərini bölüşüb: "Rəqibin qapanacağını bilirdik. Oyunçularımıza sürətli futbol tapşırmışdım. Bu, hər zaman alınmır. Bəli, bu gün meydanda sürət yox idi. Futbolçularımız rahat top itkilərinə yol verdilər. Səhvlərimiz var idi, amma ikinci oyunda daha yaxşı olacağını düşünürəm. Düzəlməyəcək nəsə yoxdu. Komanda şəklində ağır yükün öhdəsindən gələcəyik. Bizə evimizdə 2 top vurublarsa, biz də bunu etməliyik. İndi isti-isti taktika haqda bir şey deyə bilmərəm. İntizamlı futbol oynamaq şərtilə qol və qollar vurmaqla çalışacağıq".
Baş məşqçi yeni transferlərlə bağlı danışıb: "Onların potensiallarına bələdik və bunu görərək komandaya götürmüşük. Bilirdik ki, qısa müddətdə fontan olmayacaq. Top qəbulundakı səhvlərdən narazı qaldım. Bu, vaxt ərzində yoluna düşəcək".
Fanat.Az