Topaz Premyer Liqasının 2018/19 mövsümünün hazırlıqlarını davam etdirən "Qəbələ” yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, yay fasiləsindəki son sınaq matçında "qırmızı-qaralar”ın rəqibi "Keşlə” olub. Qarşılaşma Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutub.
Sənan Qurbanov Premyer Liqa öncəsi son görüşdə aşağıdakı start "11-liy”inə şans verib: Dmitri Bezotosnı, İlqar Qurbanov, Vojislav Stankoviç, Ürfan Abbasov, Sabien Lilay, Roman Hüseynov, Stiven Monroz, Ceyms Adeniyi, Təmkin Xəlilzadə, Lalavele Atakora, Qismət Alıyev.
Matçın ilk yarısı qarşılıqlı hücumlarla başlasa da, dəqiqələr ötdükcə "Qəbələ” üstünlüyü ələ alıb. Topa daha çox nəzarət edən "qırmızı-qaralar” da, rəqib də qurduğu hücumları dəqiq zərbə ilə tamamlaya bilməyib. Nəticədə komandalar fasiləyə qolsuz bərabərliklə yollanıb.
Fasilədə və ikinci hissənin gedişində hər iki komanda oyunçu dəyişiklikləri gerçəkləşdirib. "Qəbələ"nin heyətində Bəhlul Mustafazadə, Elvin Camalov, Asif Məmmədov və Rauf Əliyev meydana daxil olub.
İkinci hissə qolla başlayıb. Fasilədən sonra "Qəbələ”nin gerçəkləşdirdiyi ilk hücum sol cinahdan qapı önünə ötürmə ilə davam edib. Topu uzaqlaşdırmağa çalışan Denis Silvanın tərs vuruşu isə avtoqolla nəticələnib. Buraxılan qoldan sonra fəallaşan "Keşlə” daha çox hücum təşkil etməyə çalışıb. Matçın sonlarında "qırmızı-qaralar” ikinci qolu vurmağa müvəffəq olub. 85-ci dəqiqədə künc zərbəsindən sonra Rauf Əliyev başla dəqiq zərbə endirib.
Qarşılaşmanın sonlarında Qurbanov daha iki futbolçu - Hacıağa Hacılı və Rasim Ramaldanova da şans verib. Görüşün sonlarında hər iki komanda hücum təşkil etsə də, hesab dəyişməyib.
Beləliklə, "Qəbələ” mövsüm öncəsi son hazırlıq matçında "Keşlə”ni 2:0 hesabı ilə məğlub edib.
Oyundan sonra "qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanov jurnalistlərin suallarını cavablandırıb: "Yeni mövsüm öncəsi son hazırlıq matçı idi. Son üç gündə keçirilən məşqlərdəki yükləmələrdən sonra futbolçulara düzgün oynamağı tapşırmışdıq. Oyunçuların verilən tapşırığı yerinə yetirdiklərini demək olar. Bizim üçün yaxşı məşq oldu. Həm də Premyer Liqa komandasını tanıdıq. Yeni futbolçularımız gündən günə irəliləyir, inkişaf var. İnkişaf bizi sevindirir”.
Qurbanov ilk üç turu buraxmalı olan komandanın kapitanı Cavid Hüseynov barədə də fikirlərini bildirib: "Cavid komandamızın kapitanı, bizim üçün vacib futbolçudur. Onun liderlik keyfiyyətləri bizə çox lazımdır. Çalışacağıq ki, onun yoxluğunu hiss etdirməyək. Üç oyun az deyil. Elvin Camalovla Sabien Lilayın oyunu məni sevindirdi. Hər ikisi verilən tapşırığı yerinə yetirdi”.
Mütəxəssis Topaz Premyer Liqasının I turundakı rəqib və çempionat haqda da danışıb: "Səbail” yenilənmiş komandadır. Heyətinə yaxşı futbolçular qatıb. Bunlar həm yerli, həm də legioner oyunçulardır. Bu il komandalar heyətini gücləndirib. "Keşlə”ni də bugünkü qarşılaşmada gördük. Qarşıdakı mövsüm daha sürətli və gərgin çempionat keçəcək”.
Fanat.Az