Topaz Premyer Liqasında 2018/19 mövsümün açılış oyunu təxirə salınıb.
Fanat.Az xəbər verir ki, bu, Azərbaycanı Çempionlar Liqasında təmsil edən "Qarabağ”ın Peşəkar Futbol Liqasına müraciət əsasında baş verib. Ağdam təmsilçisi avqustun 14-də III təsnifat mərhələsinin Belarusda BATE ilə keçiriləcək cavab oyununa daha yaxşı hazırlaşmaq üçün I turda "Zirə” ilə görüşün təxirə salınmasını xahiş edib.
Azərbaycan çempionunun qitənin ən nüfuzlu klub turnirində çıxışını nəzərə alan PFL I turun avqustun 10-da keçirilməli olan "Qarabağ” – "Zirə” görüşünü sentyabrın 26-na təyin edib.
Qeyd edək ki, "Qarabağ" - "Zirə" matçı təxirə salındığı üçün açılış oyunu avqustun 11-də "Dalğa Arena"da "Sumqayıt" və "Neftçi" komandaları arasında keçiriləcək. Görüş saat 20:00-da başlanacaq.
Fanat.Az