Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutan "Zalsburq" - "Şkendiya" matçında ədalət təmsilçisi olub.
Fanat.Az xəbər verir ki, Avstriyada baş tutan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Əliyar Ağayev bu matçda bir penalti təyin edib və 3 kartdan istifadə edib. O, "Zalsburq"un futbolçusu Zlatko Yunuzoviçi 19-cü dəqiqə və 83-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırıb və meydandan qovub. Ağayev "Şkendiya"nın futbolçusu Mevlan Muratini "sarı" ilə cəzalandırıb.
Qırmızı vərəqə alan futbolçu referinin qərarından narazı qalıb. Zlatko Yunuzoviç Əliyar Ağayevin ona qırmızı vərəqə göstərməsini haqsız qərar hesab etdiyini bildirib: "Qırmızı vərəqə həqiqətən lazımsız idi. İlk epizodda isə "sarı" yox idi. Çünki simulyasiya etməmişdim, mənə qarşı qayda pozulmuşdu. İkinci sarı vərəqə isə oyun ərzində yol verdiyim yeganə qayda pozuntusundan sonra göstərildi. Halbuki həmin epizodda ciddi bir şey yox idi, "sarı" verməmək olardı".
Qeyd edək ki, bu görüşdə Ağayevə Rza Məmmədov və Zeynal Zeynalov köməklik göstəriblər. 4-cü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirib.