"Zirə"nin baş məşqçisi Ayxan Abbasov "Qarabağ"ın əvəzedici komandasına 2:0 hesabı ilə qalib gəldikləri yoxlama oyununu şərh edib.
Fanat.Az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, 37 yaşlı mütəxəssis Topaz Premyer Liqasının 1-ci turunda "Qarabağ"la oyunun təxirə salındığını xatırladaraq, bu görüş vacibliyini vurğulayıb:
"İlk oyunumuz təxirə salındığından, bizə də oyun lazım idi. Sağ olsunlar, "Qarabağ"dan xahiş etdik, əvəzedici komanda ilə yoxlama oyunu keçirməyə razılıq verdilər. Həmçinin, əsas heyətdə şans qazanmayan futbolçuları bizimlə qarşılaşmaya göndərdilər. Normal oyun oldu. Bizə əsasən oyun tempi lazım idi ki, bunu əldə etdik. Bu həftəni oyunla başa vurmaq istəyirdik, buna nail olduq. Düzdü, zədələrimiz oldu, bunlar da futbolda baş verən hadisələrdir".
Qeyd edək ki, Topaz Premyer Liqasının ilk turunda keçirilməsi planlaşdırılan "Qarabağ" - "Zirə" matçı Ağdam təmsilçisinin Çempionlar Liqasında çıxışına görə 26 sentyabr tarixinə təxirə salınıb.
Fanat.Az