Topaz Premyer Liqasının II turu çərçivəsində "Neftçi”yə səfərdə 1:2 məğlub olan "Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov mətbuat konfransı keçirib.
Gənc mütəxəssis məğlubiyyəti qısa zamanda unutmalı olduqlarını diqqətə çatdırıb.
- İlk hissədə gözlənilməz qol buraxdıq. Kobud səhvlərdən sonra iki dəfə məyus olduq. Fasilədən sonra daha yaxşı oynadıq. Xeyli qol imkanımız olsa da, yalnız birindən istifadə edə bildik. Çalışacağıq növbəti oyunlarda qol imkanlarından daha çox fərqlənək.
- Oyun gedişatında dönüş yaratmaq üçün gec müdaxilə etdiyinizi düşünmürsünüz?
- Əlimizdəki oyunçulardan istifadə etdik.
- Elvin Camalovu buraxdığı səhvə görə əvəzlədiniz?
- Xeyr, futbolda hər kəs səhvə yol verə bilər. Bu, taktiki dəyişiklik idi.
- Mərkəz müdafiəçiləriniz xeyli sayda səhvə yol verdilər...
- Səhvləri təhlil edib, növbəti oyunlarda təkrarlamamağa çalışacağıq.
- Rauf Əliyev əvəzetmədən oyuna daxil olsa da, qolunu vurdu. Start heyətində meydana daxil olmaq şansı nə dərəcədədi?
- Rauf məşqlərdə də çox çalışır. Yəqin ki, növbəti oyunlarda belə bir şans qazanacaq. (sport24.az)
Fanat.Az