Azərbaycan çempionu "Qarabağ” Avropa Liqasının pley-off mərhələsi çərçivəsində qarşılaşacağı Moldova "Şerif”i ilə cavab oyununda cəzalı futbolçusu İnnosent Emeqaranın xidmətindən yararlana biləcək.
Ağdam klubunun hücumçusu Moldovada baş tutan ilk görüşdə komandasına kömək edə bilmədi. Buna səbəb onun cəzalı durumda olması idi.
Belə ki, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Belarus BATE-si ilə səfər oyununda qırmızı vərəqə alan Emeqaranın bu üzdən azı bir matçda meydana çıxmayacağı gözlənilən idi. UEFA-nın İntizam Komitəsi artıq onunla bağlı rəsmi qərarını da açıqlayıb. Belə ki, ikinci sarı vərəqədən sonra meydandan qovulan futbolçu gözlənildiyi kimi, bir oyunluq cəzalanıb. Artıq bu barədə UEFA-dan kluba məktub da daxil olub.
Bu isə o deməkdi ki, Emeqara avqustun 30-da Bakıda keçiriləcək görüşdə meydanda olacaq.
Əvəzində uzun müddətə sıradan çıxan yarımmüdafiəçi Dani Kintana "Şerif”lə cavab oyununda da meydana çıxmayacaq.
"Qarabağ”la "Şerif” arasında keçirilmiş ilk oyun Moldova klubunun 1:0 hesablı qələbəsiylə başa çatıb. Cavab matçı isə avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq və saat 21:00-da start götürəcək. (Futbolinfo.az)
Fanat.Az