Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində baş tutan "Qarabağ” - "Neftçi” matçından sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanov "Azərsun Arena”nın konfrans zalında düzənlənən mətbuat konfransına qatılıb.
Futbolinfo.az xəbər verir ki, "Qarabağ”ın çalışdırıcısı 1:1 hesablı bərabərlik haqda bir neçə cümlə söyləyib və ardından sualları cavablandırıb:
"Hər iki komandanı təbrik edirəm. Bu gün Azərbaycan çempionatında son vaxtların ən gərgin derbisi yaşandı. Həm nəticə, həm sürət, həm də azarkeş amili xoş təsir bağışladı. Nəticədən də, oyundan da çox razıyam”.
- "Neftçi" ilk yarıda daha çox pressinq etsə
də, fasilədən sonra ehtiyatlı oynadı. Bu, sizin işinizi asanlaşdırdı?
- Pressinq etmək asan deyil. Xüsusən, rəqib meydanında. İlk yarıdan sonra hesab
rəqibi qane edirdi. İkinci hissədə isə hücumları artırmağımız rəqibi müdafiə
olunmağa məcbur edirdi. Fasilədən sonra aktivləşməyimiz və sürətli oynamağımız
"Neftçi"ni buna vadar etdi.
- Miçel və Abdullah Zubirin durumu necədi?
- Miçel 15 günlük sıradan çıxdı. Abdullah Zubiri isə risk etmək istəmədiyimiz üçün meydana buraxmadıq. "Şerif"lə cavab görüşünə tam hazır
olmaq ehtimalı böyükdü.
- Yakub Jezniçakın Rəşad Sadıqov və Bədavi Hüseynova
uduzduğunu düşünmürsüz?
- Kiminsə kiməsə uduzduğunu demək fikrim yoxdu. 20 futbolçumun hər birinə
güvənirəm. Çempionatda və avrokuboklarda hər ikisi eyni sayda oyuna
çıxıb.
- Bu oyunda həyəcanlı görünməyiniz nə ilə əlaqədardı?
- Bəlkə də ən az həyəcanlı olmağım oyundan əvvəl olur. Əslində isə hər
oyunöncəsi və sonra həyəcanlı oluram. Ola bilər ki, bu gün daha emosional idim.
Amma futbolçularım kimi aktiv idim. Ona görə texniki zonanın kənarınadək
irəliləmişdim. Bəzən belə hallar olur.
- Filip Ozobiç bu gün ən yaxşı oyununu keçirdi.
Gələcəkdə də pleymeker kimi oynatmağı düşünürsüz?
- Gələcəkdə də ola bilər. Bu gün ona ehtiyac var idi və düşünürəm ki,
tapşırıqları yerinə yetirdi.
Fanat.Az