“Burda əvəzedici komandada oynamağımın səbəbi başqalarından zəif olmağım deyil. Komandadan ayrılmaq istəyirəm”. Bu sözləri Fanat.az-a açıqlamasında “Kahramanmaraşspor”un azərbaycanlı hücumçusu Fərid Quliyev deyib.
Quliyev əməkhaqqını almadığını və pis şəraitdə yaşadığını söyləyib: “Bura gələndən maaş almamışam. Nəinki maaş, heç klub məni evlə də təmin etməyib. Düşünürdüm ki, vaxt keçdikcə düzələr, amma hər hansı irəliləyiş olmadı. Təsəvvür edin ki, gündəlik yeməyimi özüm alıram. İstənilən halda Türkiyədə qalmaqda maraqlıyam. PTT Liqasında çıxış edən başqa kluba keçmək fikrindəyəm. Heç vaxt ilk növbədə pulu düşünməmişəm. Ancaq bu o demək deyil ki, futbolçu pulsuz oynamalıdı. Menecerimlə məsləhətləşdim və qərara aldıq ki, əsas komandayla oyunlara çıxmayım. Zədələnsəm necə olacaq? Sabah ağır zədə ilə başqa komandaya keçə bilmərəm axı. Özlərinin vəziyyətdən xəbəri var. Türkiyə Futbol Federasiyası işə qarışsa, borclu olduqları pulu alaram. Hazırda isə Bakıya qayıtmağa biletdən başqa mənə heç nə verməyəcəklərinə əminəm. “Kahramanmaraşspor” maddi sıxıntı içindədi”.
Fanat.az