Ötən axşam Avropa Liqasının qrup mərhələsinin ilk turunda Portuqaliyada "Sportinq"in qonağı olan "Qarabağ" itki ilə üzləşib. Belə ki, oyuna kapitan sarğısı ilə çıxan Maksim Medvedev epizodların birində zədələnib.
Həkimlərin müdaxiləsinə baxmayaraq, Medvedev görüşü davam etdirə bilməyib. Nəticədə o, 62-ci dəqiqədə yerini Abbas Hüseynova verib. Kapitan sarğısı isə Qara Qarayevə keçib.
Komandanın baş məşqçisi Qurban Qurbanov oyundan sonra Medvedevin vəziyyəti ilə bağlı danışıb. Təcrübəli mütəxəssis hər şeyə tibbi müayinədən sonra aydınlıq gələcəyini bildirib:
"Maksimin dizində problem var. Ümid edək ki, ciddi bir şey olmayacaq. Zədənin nə qədər ciddi olub-olmadığını sabah axşam tibbi müayinədən keçdikdən sonra biləcəyik”.
Fanat.Az