Noyabrın 2-də əzəli rəqibi “Neftçi” ilə "Bakcell Arena"da "böyük oyun"a çıxacaq "Xəzər Lənkəran" hazırlığını paytaxtda sürdürür. Fanat.az Lənkəran klubunun rəsmi saytına istinadən xəbər verir ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxan qonaq komanda saatyarım ərzində taktiki çalışmaları yerinə yetirib.
Heyətdə olan zədəli futbolçulardan Junior Nildo fərdi məşqlə kifayətlənibsə, Vanderson Skarduelli hazırlığı yarımçıq tərk etməli olub. Braziliyalı müdafiəçinin əzələsində olan zədə ona məşqdə sona qədər iştirak etməyə imkan verməyib.
Digər zədəli oyunçular - Duqlas Leyte, Zoahir Benuahi və Rasim Ramaldanov komanda ilə birgə məşqlərini davam etdirib. “Xəzər Lənkəran” sabah oyun saatında “Bakcell Arena”da oyunöncəsi son məşqinə çıxacaq.
Qeyd edək ki, “Neftçi”- “Xəzər Lənkəran” oyunu 19.00-da başlayacaq. “Böyük oyun”u Orxan Məmmədov idarə edəcək.
Fanat.az