XII tur çərçivəsində keçirilən “Bakı” – “Simurq” oyunundakı hakim idarəçiliyi Zaqatala təmsilçisinin narazılığına səbəb olub. Fanat.az xəbər verir ki, Ramil Diniyevin “sarı-qaralar”ın qapısına 2 penalti təyin etməsi və onun bəzi qərarları “Simurq”u razı salmayıb.
Belə ki, bölgə klubunun iddiasına görə, ilk hissənin sonlarında Elvin Məmmədov Ruslan Poladova qarşı kobudluq etsə də, meydan sahiblərinin yarımmüdafiəçisi 2-ci sarı vərəqə ilə meydandan qovulmayıb. Üstəlik, “Bakı”nın gənc qapıçısı Elxan Əhmədov ilk hissədə Rəşad Eyyubova qarşı cərimə meydançası daxilində kobudluq etsə də, bu, penalti kimi dəyərləndirilməyib.
Qeyd edək ki, “Simurq” tərəfi artıq oyundan sonra bununla bağlı öz etirazını rəsmi şəkildə protokolda əks etdirib. Bu matçda hakimin çıxardığı qərarlar AFFA İntizam Komitəsinin növbəti iclasında müzakirə olunacaq.
Fanat.az