“Qəbələ” ilə oyunun çətin alınacağına əminəm. Ancaq öz oyunumuzu oynasaq, qalib gələcəyik”. Bu sözləri Fanat.az-a açıqlamasında “Qarabağ”ın dayaq yarımmüdafiəçisi Namiq Yusifov deyib.
Namiq rəqib komandanın legioner futbolçusunun açıqlamasına da münasibət bildirib: “Bu onun şəxsi fikridi. İlk dövrədə bu rəqibə səfərdə minimal hesabla qalib gəlmişik. Sabah da yalnız 3 xal haqda düşünəcəyik. İndidən kimin yaxşı olduğunu söyləmək isə tezdi. Cücəni payızda sayarlar. Mövsüm başa çatar, turnir cədvəlinə baxarıq. Bax onda kimin daha yaxşı komanda olduğu üzə çıxacaq”.
Xatırladaq ki, “Qəbələ”nin müdafiəçisi Nikola Valentiç komandasının Ağdam təmsilçisindən güclü olduğunu qabartmışdı. Futbol ictimaiyyəti iddialıların zirvə savaşına sabah Tofiq Bəhramov adına Respublika stadionunda şahidlik edəcək.
Fanat.az