"Neftçi”nin futbolçusu Emin Mahmudov klubun rəsmi saytına müsahibə verib.
Fanat.Az xəbər verir ki, milli komandanın düşərgəsindən yeni qayıdan kapitan Topaz Premyer Liqasının növbəti turunda "Qəbələ” ilə keçiriləcək oyun haqda da fikirlərini bildirib.
- Milli komandanın düşərgəsindən qayıdandan sonra özünüzü necə hiss edirsiz?
- Bir az diskomfort hiss edirəm, amma bu, "Qəbələ”yə qarşı oynamağıma heç bir problem yaratmamalıdı.
- "Qəbələ” ilə oyuna hazırlıq necə keçir?
- Hər şey yaxşıdı. Bizim üçün hər oyun vacibdi. Bunu hamımız anlayırıq.
- İlk dövrəni zirvədə başa vurdunuz, amma indi qarşıda daha çətin hədəf var – liderliyi qoruyub saxlamaq. Buna nə qədər hazırsınız?
- Hər oyuna ciddi hazırlaşmaq, hər rəqibi düzgün qiymətləndirmək və məşqçinin tapşırıqlarını yerinə yetirmək lazımdı. Onda hər şey istədiyimiz kimi olacaq. Daha çox çalışmalıyıq, üzərimizdə işləməliyik. Liderliyi qoruyub saxlamaq üçün əlimizdən gələni edəcəyik.
- Sizcə, "Qəbələ”nin turnir cədvəlindəki mövqeyi onun əsl gücünü əks etdirirmi?
- Əsla. "Qəbələ” çox yaxşı komandadı. Çətin vaxtlar hamıda olur. Təhlükəli rəqibdi. Yaxşı futbolçuları var. Buna baxmayaraq, biz öz oyunumuzu oynayıb, lazım olan nəticəni əldə etməliyik.
- "Neftçi" ötən mövsüm "Qəbələ” ilə 6 dəfə qarşılaşıb. Bu oyunlardan hansı daha çox yadınızda qalıb?
- Bu rəqib üzərində qələbələrimiz olsa da, daha çox 2:3 hesabı ilə məğlub olduğumuz oyunu xatırlayıram. Həmin matçda "Neftçi”nin heyətində ilk qolumu vurmuşdum. Üstəlik, hakim bizi iki penaltidən məhrum etmişdi ki, o epizodlardan birində mənə qarşı qayda pozulmuşdu. Təbii ki, hesabda geridə olmağımıza rəğmən 2:1 hesabı ilə qalib gəldiyimiz oyun da yadımdadı. Ümumiyyətlə, "Qəbələ” ilə hər görüşümüz maraqlı alınır. Ümid edirəm, şənbə gününə planlaşdırılmış oyun da istisna olmayacaq.
Fanat.Az