"Sabah ağır oyun olacaq. Çətin komandaya qarşı oynayacağıq. Bu günü çoxdan gözləyirdik".
Fanat.Az xəbər verir ki, bu sözləri Ukraynanın "Vorskla" klubunun baş məşqçisi Vasili Saçko Poltavada "Qarabağ"la keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin V tur matçından əvvəl mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis bukmeyker kontorlarının "Vorskla"nın qələbəsini proqnozlaşdırmasına münasibət bildirib: "Məni bukmeykerlər maraqlandırmır. Bu barədə çoxlu söz-söhbətlər var. Yenə təkrar edirəm: "Qarabağ" çox güclü komandadı. Əsas məqsədimiz qələbədi".
Rəqib çalışdırıcı "Qarabağ"la ilk oyunda bəxtlərinin gətirdiyini bildirib: "Birinci ildi işləmirəm. Hər zaman hər şey istədiyimiz kimi olmur. Öz uğurlarımla fəxr edə bilmərəm. Amma pis əsgər odu ki, general olmaq istəmir. Müsbət nəticə üçün çalışacağıq. Əvvəla evdə oynayırıq, digər tərəfdən, azarkeşlərimiz qarşısında çıxış edəcəyik. Rəqibin baş məşqçisi həm də milliyə rəhbərlik edir, ambisiyalıdı. Bu futboldu, hər şey mümkündü. İlk oyunda hansısa mənada bəxtimiz gətirdi. Rəqibin daha çox şansı var idi. Əlbəttə, bu dəfə biz gözəl futbol oynamaq istəyirik. Amma öz imkanlarımız daxilində əlimizdən gələni ortaya qoyacağıq".
Fanat.Az