"Çətin oyun olacağını əvvəlcədən bilirdik. Hava şəraiti amili də var idi. Meydan demək olar ki, donmuşdu. Pasla oynamaq bir az çətin idi. Amma bu çətinliklərə dözdük. Öz oyunumuzu oynamağa başladıq".
Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Maksim Medvedev Avropa Liqasının qrup mərhələsinin IV turunda səfərdə Ukrayna "Vorskla"sını 1:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.
Futbolçu yerli azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi, onları meydana atması səbəbindən oyunun bir neçə dəqiqə dayanmasının onların xeyirinə olduğunu bildirib: "Meydanda mübarizə hiss olunurdu. Azarkeşlər də daha maraqlı olması üçün şou etdilər. Fikrimcə, bu, bir tərəfdən yaxşı olmasa da, digər tərəfdən bizim xoşumuza gəldi. Baxmayaraq ki, paltardəyişmə otağına getdik. Oyun bir qədər sonra yenidən başladı. Gizlətməyəcəyəm, oyunun dayanması xeyrimizə oldu. Çünki rəqib 0:1 hesabı ilə geridəydi. İstəyirdilər ki, pressinq etsinlər və daha çox vuruşsunlar. Səhv eləmirəmsə, matç 65-ci dəqiqədən etibarən 8 dəqiqə dayandı. Komanda olaraq paltardəyişmə otağına getdik və bir az istirahət etdik. Yenidən meydana qayıtdıq. Demək olar ki, oyunun dayanmağı bizim xeyrimizə oldu".
Fanat.Az