"Çox ağır oyuna çıxmışdıq. Avroliqadakı qələbədən sonra oyunçuların diqqətinin necə olacağı mənim üçün önəmli idi”.
Fanat.Az-ın məlumatına görə, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Topaz Premyer Liqasının XI turunda "Qəbələ”nin qonağı olan Ağdam təmsilçisi ilk yarını yenilgi ilə başa vursa da, ikinci hissədə oyunu çevirib və 3:1 hesablı qələbəyə imza atıb.
Matçın ardından düzənlənən mətbuat konfransında mütəxəssis qısa şərhin ardından suallara cavab verib: " Futbolçularımı təbrik edirəm. Çox əziyyət çəkdilər. Azarkeşlərimizi də təbrik edirəm. Qəbələlilər bizi gözəl qarşıladılar. Hər birinə minnətdaram. Qarşıda istirahət var. Amma milli üzvləri istirahət etməyəcək”.
- Sanki ilk hissədə komandada yorğunluq var idi. İkinci hissədə isə komandanız fərqli görünürdü.
- Səfər oyunlarında istər-istəməz ağırlıq hiss olunur. Amma futbolçuların ilk hissədə yorğun olduğunu deməzdim. Qola kimi də topa nəzarət edirdik, qol vəziyyətləri yaradırdıq. Amma ikinci hissəyə özlərini daha diqqətli hazırladılar. Buraxılan qol bəlkə də bizim üçün xeyirli oldu. Futbolçular daha aktiv oldular. Yorğunluq var, amma konsentrasiya və xarakter bunu sığortalayır.
- Vaqner üçün əsas heyət şansının bitdiyini demək olar?
- Xeyr. Qarşıdakı oyunlarda onun da oynamaq imkanı olacaq. Hər üç qapıçıya eyni gözlə baxıram. Elə oyunlar var Şahruddinə, başqasında Vaqnerə şans veriləcək. Hər üçünü əsas qapıçı sayıram. Fərqli fikirlər ola bilər. Sadəcə, Hannes şansından yaxşı istifadə etdi. Bizdə bir səhv həlledici olmur. Hər bir futbolçudan istifadə etməyə çalışırıq. Bizdə ən az şans qapıçılara verilir.
- Son illər Qəbələ səfərində belə asan oyun xatırlayırsız?
- Rahat deməzdim, çətinlik oldu. Sadəcə, 3 qol vurduğumuz üçün rahat görünür.
- Ancaq təzyiqi artıran kimi, ardıcıl qollar vurduz...
- İlk hissədə nə qədər əziyyət çəkdiyimizi gördünüz. Bunlar elə də rahat deyil. Kənardan fərqli görünə bilər. Bəzən 5-6 qol vəziyyəti yaradıb, fərqlənə bilmədiyin hallar olur.
- Abdullah Zubirin dəyişdirilməsi nə ilə bağlıdı? Onun çıxışı sizi qane etmir?
- Belə deməzdim. Oyunun gedişinə görə dəyişiklik edirəm. Ukraynada yorulmamışdı, oyunun gedişi bunu tələb edirdi. Amma bu gün yorulmuşdu. Orta sahəni gücləndirmək üçün bu addıma əl atdıq.
- Yığma üzvlərini son turda izləmisiz?
- Hamısını izləyirik. Razı qaldığım nüanslar çoxdu. Son iki oyundan sonra ayrılıqda danışığımız oldu. Hər birinə güvəndiyimi və qarşıdakı matçlarda daha yaxşı çıxış gözlədiyimi dedim. Bir aylıq performanslarından razı qaldım. Sabahdan yığışıb bir yerdə olacağıq. O zaman daha yaxından görəcəm. Qarşıda vacib oyunlarımız var. Böyük məsuliyyət lazımdı. Futbolçuların buna hazır olacağını düşünürəm.
Fanat.Az