"Oyunumuzdan çox narazıyam. Nə planlaşdırmışdıqsa, heç biri alınmadı. Məğlubiyyəti rəqibin hər komponentdə bizdən güclü olması ilə əlaqələndirirəm”.
Fanat.Az-ın məlumatına görə, bunu "Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov deyib.
Topaz Premyer Liqasının XI turunda "Qarabağ”ı qəbul edən qəbələlilər hesabı açsa da, ikinci yarıda 3 top buraxaraq uduzub. Oyunsonrası mətbuat konfransında məğlub tərəfin çalışdırıcısı belə danışıb: "Qarabağ” ikinci hissəni daha yaxşı keçirdi. Biz isə 90 dəqiqə müdafiə oldunmağa çalışdıq. Bu, futbolçuların fiziki gücünün tükənməsi ilə nəticələndi. Qısası, "Qarabağ” bizdən güclüdü”.
- Rəqib 48 saat əvvəl Bakıya gəlib və yorğundu. Bunun fonunda ikinci hissədə 3 qol vurmaqlarına izah verməyinizi istərdim...
- "Qarabağ” təcrübəli komandadı, belə qrafikdə oynamağın öhdəsindən gələ bilir. Birinci hissədə əzmkarlıq var idi. Amma bu, 45 dəqiqə bəs etmir.
- Cavid Hüseynov yenə meydanda ayaqlarını sürüyürdü. Onu əvəzləməməyinizin səbəbi nədi?
- Cavid bəzi məqamlarda səhv etsə də, uduzmuşuqsa, deməli, hamı pis oynadı. Oyunumuzdan həddən artıq narazıyam. Rəqibi meydanın özünə aid hissəsində qarşılamaq istədik. Amma alınmadı.
- Düşünmürsüz ki, əvəzləməni gec etdiz? Rauf Əliyevi niyə meydana buraxmadız?
- Oyunun axarı elə idi ki, dəyişiklik etmək istəyirdim. Rasimi standart vəziyyətlərə görə meydana buraxdım. Rauf inandığımız futbolçudu. Amma bu dəfə fərqli qərar verdim.
- Qış fasiləsini intizarla gözlədiyinizi demək olar? Yoxsa, heyətin güclənəcəyinə inamınız yoxdu?
- Əlbəttə, güclənməyimizi istərdim. Amma əlimizdə olan heyətdən maksimum yararlanmağa çalışacağıq.
Fanat.Az