"Zirə”nin "Neftçi” ilə səfər oyunlarındakı məğlubiyyətsizlik seriyası 7-yə çatıb.
Fanat.Az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 11-ci turunun 8-ci km stadionundakı matçında rəsmiləşib. Rəqib meydanından 1 xalla ayrılan "qartallar” uğurlu seriyanı məhsuldar heç-heçə ilə davam etdirib - 2:2.
"Neftçi” ilə Premyer Liqada indiyədək keçirilən səfər oyunlarında heç vaxt uduzmayan "Zirə” rəqib meydanında 3 qələbə qazanıb, 4 dəfə "sülh"lə kifayətlənib. İlk dəfə 2015/16 mövsümündə üz-üzə gələn komandaların həmin çempionatdakı qarşılaşmalarında qalib müəyyənləşməyib - 1:1, 0:0. Növbəti mövsümdə "qartallar” səfərdə xal itkisi ilə üzləşməyib - 1:0, 2:1. Ötən çempionatda da "Zirə” hər iki görüşdə qol sevinci yaşamağa nail olub - 2:1, 1:1.
7-ci dəfə səfərdən xalla dönən qəsəbə təmsilçisi ardıcıl 5-ci dəfə meydanı qolsuz tərk etməyib. Ümumilikdə isə yalnız bir qolsuz heç-heçə edən "Zirə” rəqib meydanındakı 7 matçdan 6-da fərqlənə bilib.
Fanat.Az