"Qələbə üçün alışıb-yanırdıq. Çalışdıq ki, bu, bizə ziyan verməsin və futbolçuları düzgün kökləyə bilək”.
Fanat.Az-ın məlumatına görə, bu sözləri "Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov deyib.
Topaz Premyer Liqasının XII turunda "Keşlə”nin qonağı olan qəbələlilər 2:1 hesablı qələbə qazanıb. Oyundan sonra keçirilən ənənəvi mətbuat konfransına qatılan Qurbanov əlavə edib:
"Tərlan Əhmədovun gəlişindən sonra "Keşlə” yüksəlişdə idi. Rəqibi yaxşı təhlil etmişdik. Futbolçuların verilən tapşırıqları yerinə yetirməsi məni sevindirdi. Azarkeşlərimizi və komandanı təbrik edirəm. Daha böyük hesabla qələbə qazana bilərdik. İkinci hissədə əks-hücumları qola çevirə bilməməyimiz tələskənliklə bağlı idi. Bir top fərqi ilə öndə idik və bu, gərginlik yaradırdı”.
Final fitindən sonra əsəbi görünən mütəxəssis özündən çıxmasının səbəbini açıqlayıb: "Oyun gərgin olduğuna görə əsəbləşmişdim. Son saniyələrdə künc zərbəsindən qol buraxa bilərdik. Səbəb bu idi”.
Fanat.Az