Avropa Liqasının qrup mərhələsinin "Qarabağ" - "Sportinq" oyun iki futbolçu üçün əlamətdar olub.
Fanat.Az xəbər verir ki, "Qarabağ"ın və milli komandamızın kapitanı Rəşad Sadıqov avrokuboklarda 100-cü oyununa çıxıb. 36 yaşlı müdafiəçi bu göstəriciyə nail olan ilk azərbaycanlı futbolçu kimi tarixə düşüb.
Qitə miqyaslı turnirlərdə 15-ci mövsümünü keçirən mərkəz müdafiəçisi indiyə qədər 99 oyunda 8414 dəqiqə meydanda olub. O, bu görüşlərdə 7 qol vurub, 11 sarı və 1 qırmızı vərəqə alıb.
Rəşad avrokuboklarda 2001-ci il avqustun 9-da - "Neftçi" ilə UEFA Kubokunda "Qoritsa”ya qarşı debüt edib. Həmin vaxt müdafiəçi 19 yaşında olub. Sadıqov "Neftçi”dən başqa "Kayserispor” və "Qarabağ”ın heyətində də avrokuboklarda çıxış edib. 100 oyunu üç klubda keçirən müdafiəçi 5 dəfə legioner kimi – Türkiyə "Kayseripor”unda meydana çıxıb. Rəşad "Neftçi”də isə 18 matçda 2 qol vurub. "Sportinq"lə matç Rəşad üçün "Qarabağ”la avrokuboklardakı 77-ci görüş olub. O, bundan əvvəlki 76 oyunda 5 dəfə fərqlənib.
Rəşad Çempionlar Liqasında 31, əvvəl UEFA kuboku, sonradan Avropa Liqası adlanan turnirdə 59, İntertoto kubokunda 10 oyunda forma geyinib. Rəşad qollarından 6-nı Avropa Liqası, 1-ni İntertoto kubokunda vurub.
"Qarabağ"ın və millimizin digər üzvü Maksim Medvedev isə avrokuboklarda 80-ci oyununa çıxıb. 31 yaşlı müdafiəçi qitə miqyaslı turnirlərdə 16 iyul 2009-cu il tarixində Avropa Liqasında "Rusenborq"la səfər qarşılaşmasında debüt edib. Maksim bütün oyunlarını "Qarabağ"ın heyətində keçirib.
Fanat.Az