"Xəzər Lənkəran" və "Neftçi"nin sabiq futbolçusu Julius Vobay Syerra-Leone milli komandasında karyerasını başa vurub.
Fanat.Az xəbər verir ki, futbolçu FIFA-nın Syerra Leone Futbol Federasiyasının quruma üzvlüyünü dayandırmasından sonra belə qərar qəbul etdiyini söyləyib: "Karyeramı belə bir vaxtda, FIFA-nın sanksiyasına görə Afrika Millətlər Liqasının təsnifat mərhələsinə qatıla bilmədiyimiz məqamda bitirdiyim üçün üzgünəm. Yığma karyeramı yüksək notda – Afrika Millətlər Liqasında final oynamaqla başa vurmaq istərdim. Bu, çox böyük məyusluqdur. Milliyə 17 il xidmət etmişəm və fikrimçə, yetərincə faydalı olmuşam. İndi yerimi gənclərə verirəm və onlara məsləhətim budur ki, öz ölkələri üçün maksim güclərini ortaya qoysunlar. Yığma ilə bağlı çox yaxşı xatirələrim var. Təəssüf ki, Afrika Millətlər Kubokunda final oynaya bilmədim”.
Qeyd edək ki, Julius Vobay 2011-ci ildə "Xəzər Lənkəran"da, 2012-2015-ci illərdə "Neftçi"də çıxış edib. O, "Xəzər Lənkəran"la Azərbaycan Kubokunun, "Neftçi" ilə Azərbaycan çempionatının və kubokunun qalibi olub.
2001-ci ildən Syerra-Leone millisinə dəvət alan 34 yaşlı futbolçu 40 oyunda 2 qol vurub.
Fanat.Az