"Bu gün I divizion klubu ilə üz-üzə gəlsək də, ilk hissədə çətinlik çəkirdik, qol vura bilmirdik. İkinci hissədə isə qollar vurmağı bacardıq və mərhələ adladıq”.
Fanat.Az PFL-in saytına istinadən xəbər verir ki, bu sözləri "Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Şüvəlan”la keçirilən oyundan sonra deyib.
3:0 hesablı qələbəni şərh edən çalışdırıcı kubokunda mümkün qədər irəliləməyə çalışdıqlarını bildirib: "Aqil Nəbiyev "Şüvəlan”da yaxşı kollektiv qura bilib. Buna görə onu təbrik edirəm. Biz isə yolumuza davam edirik. Qarşıda bizi çətin çempionat oyunu gözləyir. Kubokda mərhələ adlamaq bizim üçün əlavə stimuldu".
"Şüvəlan”ın baş məşqçisi Aqil Nəbiyev də fikirlərini bildirib: "İki fərqli hissə oldu. İlk hissədə xarakter nümayiş etdirdik. İkinci hissənin əvvəlində isə uğursuz bir epizod oldu və hesabda geri düşdük. Bundan sonrakı hadisələrdə əleyhimizə işlədi. Açığı, bizim komandanın əsasını gənc futbolçular təşkil edir. Geniş heyətimiz yoxdu, qarşıda çempionat oyunu gəlir. Bütün bunları nəzərə alsaq, ilk hissədəki əzmkarlıq məni razı saldı. Bu gün həqiqətən də Premyer Liqa ilə I divizion arasında fərq var”.
Fanat.Az