"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Topaz Premyer Liqasının XIV turunda "Qəbələ"ylə evdə 0:0 hesabıyla yekunlaşan görüşdən sonra mətbuat konfransı keçirib. 37 yaşlı çalışdırıcı əvvəlcə matç haqda danışıb.
- Həqiqətən çox maraqlı oyun alındı. Bugünkü qarşılaşma göstərdi ki, Avropa zonasına düşmək üçün bütün 8 komanda çox fəallıq nümayiş etdirir. Belə getsə, çempionluq da son turda həll olunacaq. Futbolçularımıza təşəkkür edirəm. Sonadək mübarizə apardılar, xarakter göstərdilər. Çempionatın ilk yarısını yaxşı notlarda bitirməyi bacardıq. Çalışacağıq ki, kubokda da yaxşı nəticə göstərək.
- Ruslan Qurbanovu komandadan kənarlaşdırmısınız. Bu, nəylə bağlıdı?
- Oyunöncəsi təlim-məşq toplanışına yığışırıq. Bu zaman heç kimə bazanı icazəsiz tərk etməyə icazə verilməyib. Buna görə Ruslan müddətsiz əvəzedici heyətə göndərilib. Ona görə bu gün heç adı protokolda yox idi.
- Qış fasiləsində göndəriləcək futbolçular artıq bilinir?
- Hələ ki, Edqar Paçekoyla müqaviləni pozmuşuq. Ola bilər ki, yenə gedənlər olsun. Bu, qarşılqılı razılıqla ola bilər. Çünki futbolçuların müqavilələri var. Hələ ki ad deyə bilmərəm. Kubok matçlarından sonra qərarımızı verəcəyik.
- Ruslan əvəzedici komandada oynamamağı istəyə bilər. Bu zaman ola bilər ki, onunla ümumiyyətlə, yolları ayırasınız?
- Əvəzedici heyətdə nə qədər lazım olacaq, oynayacaq. Bu istəklə bağlı deyil. Futbolçu klubla müqavilə şərtlərini yerinə yetirməlidi. Sadəcə, Ruslanın zədəsi vardı. Ola bilər ki, buna görə oynamaya bilər. Bu müddətdə əvəzedici komandada bərpa prosesi keçə bilər. İntizama əməl etməyən futbolçu klubdaxili intizama görə cəzalanacaq. Sonrakı nə qərarlar olacaqsa, danışıqlardan çox asılı olacaq.
- Məlumdu ki, Ruslan ərköyün futbolçusu. Yəqin ki, buna qədər ona xəbərdarlıqlar olmuşdu və sonda belə radikal qərar verməli oldunuz...
- Bəli, xəbərdarlıq olmuşdu. Davamlı təkrarlandıqda, ümumi komandanın durumuna təsir göstərir. Bununsa qarşısını almalıyıq. Fərqi yoxdu hansı futbolçudu. Bu cür addımlar atanlar belə aqibətlə üzləşəcək.
- Mövsümə uğursuz başladınız. Onda qış fasiləsinə bu yerdə gedəcəyinizi düşünürdünüz?
- İlk turdan sonra açıqlamamda demişdim ki, başqa "Səbail" görəcəksiniz. Çünki futbolçularıma inanırdım. Bizə vaxt lazım idi. İlk tura 2 gün qalmış komplektləşmişdik. Hətta Emil Martınov 1 gün qalmış Qəbələyə gəlmişdi. Olduğumuz yerdə hər bir komanda qərarlaşmağa layiqdi. Bundan sonra daha çətin olacaq. Çünki hər kəs xal ehtiyatını çoxaltmağa çalışacaq. Texniki qələbələrlə qazandığımız 5 xala baxmayaraq 3-cü yerdə olmağa layiqik.
- "Keşlə" də qış fasiləsində "Mirakl" otelində qalacaq. Bu, planlarınıza mane olmayacaq?
- Bildiyimə görə, Antalyada bir oteldə eyni ölkənin iki komandası məskunlaşmır. Bizə otellə bağlı danışıqlardan sonra belə dedilər. Müqavilədə də bu, əksini tapıb. Düşünmürəm ki, bir yerdə olacağıq. Bilmirəm, mətbuatda bu məlumat hardandı. (Sport24.az)
Fanat.Az