"Kəpəz"də qeyri-müəyyənlik davam edir. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin işdən çıxarılmasından sonra "Kəpəz"in Müşahidə Şurasının rəhbəri olan oğlu Elmir Vəliyev də postuyla vidalaşdı. Ardından isə Vəliyevlərin klubdakı adamlarının vəzifədən uzaqlaşdırılması prosesi başladı. Son olaraq icraçı direktor Elnur Camalxanov klubu tərk etdi.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Vəliyevlərin klubdakı rəhbər postda qalan sonuncu adamı da gedib. Belə ki, klubun rəisi vəzifəsini tutan Ruslan Nağıyev də yaxın günlərdə "Kəpəz"lə yolları ayıracaq. Bununla da Gəncə klubu rəsmən başsız qalacaq.
"Kəpəz"də yeni rəhbərliyin təyinatına gəlincə, yaxın günlərdə AFFA-dan Gəncə klubuna təyinatın olacağı deyilir. Amma bunun kim və hansı vəzifəyə olacağı bəlli deyil.
Bu arada "Kəpəz" tezliklə avtobussuz da qalacaq. Belə ki, hazırda klubun istifadə etdiyi nəqliyyat vasitəsi Elmar Vəliyevin ailəsinə məxsusdu. Məlumata görə, artıq Vəliyevlər avtobusu təhvil verməklə bağlı tələblə də çıxış edib.
Bütün bunların fonunda "Kəpəz" azarkeşlərinə yeni vədlər də verilib. Vəd olunub ki, Gəncə klubu gələn mövsüm yenidən Premyer Liqada çıxış edəcək. Klubun himayəçiləri isə Gəncə Avtomobil Zavodunun direktoru, millət vəkili Xanlar Fətiyev və Gəncə şəhər İcra Hakimiyyəti olacaq.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol