Bu yay Rusiyada keçirilmiş futbol üzrə 2018-ci il dünya çempionatını dünya əhaləsinin yarıdan çoxu izləyib.
Fanat.Az xəbər verir ki, bu barədə FIFA-nın rəsmi saytı məlumat yayıb.
Dünyanın bütün ölkələrində yayımlanan mundialın oyunlarına 3,572 milyard tamaşaçı ekran qarşısından baxıb. 3,04 milyard insan dünya çempionatının bütün matçlarını ən azı 3 dəqiqə izləyib ki, bu da rekord göstəricidir.
309,7 milyon şəxs qarşılaşmalara evlərindən kənarda, restoran və digər yerlərdə baxıblar. Bu isə ümumi auditoriyanı 9.5 faiz artırıb.
Fransa və Xorvatiya komandaları arasındakı final görüşünü isə 1,12 milyard insan izləyib. Sözügedən oyuna 884,37 milyon tamaşaçı evdən, 231,82 milyonu isə kənar yerlərdə baxıb.
Xatırladaq ki, finalda 4:2 hesabı ilə qalib gələn Fransa dünya çempionatının qalibi olub.
Fanat.Az