"Zirə" Ukraynanın "Vorskla" klubunun braziliyalı hücumçusu Nikolas Karekanı heyətinə cəlb etmək istəyir.
"Qartallar"ın baş məşqçisi Samir Abasov sport24.az-a açıqlamasında 22 yaşlı hücumçunun xidmətində maraqlı olduğunu bildirib.
Abasovun qış transfer siyahısında "Qarabağ"la Avropa Liqasının qrup matçlarında iştirak etmiş Kareka var: "Eşitdiyimizə görə, onun özü də "Vorskla"da qalmaq istəmir. Bizə də mərkəz hücumçusu lazımdı. Sadəcə, məsələ budur ki, həmin legioner Ukrayna klubunda icarədə oynayır, müqaviləylə "Qremio"ya məxsusdu. Deməli, burda əsas söz sahibi biz yox, Braziliya klubudu. Söhbət "Qremio"dan futbolçunu bura gətirməyin çətinliyindən getmir. Pulunu verəcəksən, misal üçün icarəyə götürəcəksən. Söhbət legionerin karyerasını Azərbaycanda davam etdirmək istəyindən, onu razı salmaqdan gedir. Maşallah, "Qarabağ"ın büdcəsi bizdən nə qədər böyükdü. Ancaq görürsən ki, onlar da transferdə belə problemlə üzləşirlər. Biz də legionerlərin bu tərəddüdlərindən əziyyətini çəkirik".
Qeyd edək ki, Kareka yetirməsi olduğu "Qremio"nun 2014-cü ildən futbolçusu olsa da, onun heyətincə cəmi 3 matç keçirib. 2017-ci ildən müxtəlif klublarda icarədə olan hücumçu ötən ilin avqustunda Poltava klubuna 1 illiyə verilib. Nikolas "Qarabağ"la hər 2 qarşılaşmada ikinci hissədə meydana çıxıb.
Fanat.Az