Əlbəttə ki, Joze Mourinyonu gətirsələr, millimiz AÇ-2020-nin seçmə mərhələsini 4-cü pillədə tamamlaya bilər. Yəni, dahi portəgiz və ya dahi ispan Pep Qvardiola belə, bu ölkənin seçməsini Avropa çempionatına aparmağı bacarmaz. AFFA-nın baş katibi Elxan Məmmədovun açıqlamadan daha çox qızdırmalı adamın sayaqlamalarını xatırladan iddiası xalqı ələ salmaq çabasından başqa bir şey deyil.
Siyasi xırdalıqlara varmaq istəmirəm. Amma futbolla əlaqəsi olmayan Elxan bəyin birdən-birə assosiasiyada məsul vəzifəyə "yapışdırılması” və məmləkətimizin bu gününə uyğun siyasət yürütməsi faktdı. Bəli, biz azərbaycanlılar uzun illərdi batman-batman vəd yeyirik. Demokratiya pərdəsi altında bərq vuran anarxiya qanunlarıyla hesablaşmaq məcburiyyətində qalır, sovetdənqalma şəxsiyyətə pərəstiş rejiminə qarşı ümumilli üsyan yolu tapmağı bacarmırıq.
Qurban Qurbanovun nüfuzu fonunda təkhakimiyyətliliyi təhlükə altına düşən "vəzir”in "Qarabağ”ın çalışdırıcısının və onun belə desək, xeyir-duasıyla aşağı yaş qrupları üzrə yığmalara gətirilən mütəxəssislərin "aradan götürülməsi”nə də futbol ictimaiyyəti olaraq reaksiya verə bilmədik. Məmmədov simasından əskik olmayan diplomatik təbəssümü ilə müxalif azlığı yola verdi. Çoxluq isə... "Ləbbeyk, ya vəzir” deyən çoxluqdan nə danışasan?Futbolun sabahı haqda zərrə qədər də düşünməyən, AFFA-dan təqaüd və "paket” almağı özünə həyat kredosu seçənləri necə məzəmmət edəsən? Zaman göstərdi ki, bu gün baş katibin qaranlıq yoluna şam tutan futbol veteranları heç kimdi və belələrinin futbol təsərrüfatında söz sahibi olmağındansa, elə futbolun dünənində adı olmayan məmurun əlaltısı kimi ömür sürməsi daha yaxşıdı.
Əlqərəz, baş katib indi də serb bazarına "xod” tapıb. "Sumqayıt”ın menecer-prezidenti Riad Rəfiyevin də yardımı ilə Avropanın fırıldaqçılığı ilə ad çıxarmış ölkələrində çoxa qol çəkib az alacaq, "otkatlar”a hazır mütəxəssislər saf-çürük edilir. Bir müddət öncə adları çəkilən italyan çalışdırıcılardan hansısa birini seçmənin baş məşqçisi postunda görəcəyinizi əsla fikirləşməyin. Namizədlərin adlarının hansı qaynaqda üzə çıxdığına diqqət yetirin, həmin mənbənin kim tərəfindən maliyyələşdirildiyini öyrənin, həqiqət kələfinin ucunu tapın. Hamısı nağıldı, gərgin axtarışların getdiyini gözə soxmaq üsulu, başqa sözlə, köhnə nəğmələrin yeni aranjimanda təqdimatıdı...
İndi də Elxan müəllimin Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Feyha”nın baş məşqçisi Slavolyub Muslinə Azərbaycan yığmasının potensial baş məşqçisi gözüylə baxdığı haqda xəbərlər dolaşır. Serbiya millisini DÇ-2018-in finalına aparan Muslin müəmmalı şəkildə qovulandan bəri "Əl-Feyha”da iş başındadı. Buna qədər serb mütəxəssis 19 klub çalışdırıb ki, onlar arasında "Bordo” (Fransa), "Lokomotiv” (Moskva), Srvena Zvezda (Serbiya) və Levski (Bolqarıstan) da var. Ölkəsinin yığmasını Rusiyada keçirilən son mundiala daşıyan 65 yaşlı Muslinin uğurun ardından yola salınması haqda çox fikirlər səsləndirilib. Onlardan biri isə bir neçə sıravi futbolçunu pul qarşılığında seçməyə dəvət etməsidi. Serb həmkarlarımız ağsaqqalın bu addımı onların transfer qiymətini qaldırmaq, daha sonra "faizə otuzdurmaq” kimi qiymətləndirib. Məntiqlə, bizim futbol mühitində işə yaraya biləcək personadı.
U-21-in tapşırılacağı gözlənilən digər serb – 1977-ci il doğumlu Milan Obradoviç də Serbiya futbolunun boz kardinallarından sayılır. Sözügedən Balkan ölkəsinin U-19 yığmasını çalışdıran Obradoviç güclü yeniyetmələri kənarda qoyaraq heyətə bir neçə tanışının tapşırığı ilə oyunçu götürdüyü üçün dəfələrlə tənqid atəşinə tutulub. Bu gün AFFA-ya "pul oxuduğunu”, ardından təklifi geri çevirdiyini öyrəndik. Şadlanmağa tələsməyək. Balkan ölkələrindən başqasını tapacaqlarına zərrə qədər şübhəm yoxdu...
Yeni əcnəbilər gələcək, Azərbaycan yığmalarında söz sahibinə çevriləcək, yerli futbol başbilənləri üçün də ümumi şərait münbitləşəcək. Yenə Almaniyanın Regional Liqalarından kürd mənşəli gənclər yığmamızda oynamaq təklifi alacaq, yenə babası 1942-ci ildə hansısa azərbaycanlı ilə eyni əsir düşərgəsində yatmış ukraynalıya milli pasport veriləcək, yenə təlim-məşq toplanışları adıyla büdcədən milyonlar silinəcək, yenə açıqlanan maliyyə hesabatlarında gülünc, quyruqlu rəqəmlər göz qamaşdıracaq.
Məncə, hər şey qanunauyğundu. Futbol ictimaiyyətinin 95 faizi buna layiqdi. Yerdə qalan 5 faiz isə harayı özünü yandıran ədalət çarçılarıdı. Özündən 9,5 dəfə böyük oğruya gücü çatmayan doğruların da yarısı 2020-ci ilə qədər ruhdan düşəcək.
Nihat Ağasoy, "Futbol+" qəzeti