Başlığa baxdım, oxudum, gülümsədim:
"Beynəlxalq Tələbə Futbol Birliyinin İdarə Heyətinin son iclasında qurumun icraçı katibi postuna azərbaycanlı idman mütəxəssisi Əfqan Həmzəyevin namizədliyi irəli sürülüb və İdarə heyətinin yekdil qərarı ilə o, Beynəlxalq Tələbə Futbol Birliyinin BTFB (ISFU) icraçı katibi seçilib”.
BTFB-də adı qulaqlarda qalan "böyük oyun”da qələmini itirən fit sahibinə vəzifə veriləcəyini bilirdim. Sadəcə, təsdiq ediləcəyi tarixi gözləyirdim. Ayağı Premyer Liqa oyunlarından kəsiləndən sonra Dünya Minifutbol Federasiyasının hakimlər komitəsinin üzvünə çevrilən Həmzəyev çimərlik futbolunda da FİFA hakimi olaraq fitini səsləndirib. Özünə uğurlu karyera qurmaq üçün bir yerdə dayanmayan adam məqsədinə doğru inamlı addım atıb.
Şübhəsiz, bu an beynində "əşi, bu BTFB özü nədi ki, onun da icraçı katibi seçilmək ölkədə səs-küy doğuran xəbər ola” fikrini fırladan onlarla futbolsevər var. Ancaq əmin edim ki, beynəlxalq müstəvidə tanınan birlik ciddi qurum həm də azərbaycanlının təyinatı böyük uğurdu. Bunları ən yaxın keçmişdə elita matçlarında - tribunaların təzyiqi altında ora-bura qaçan ədalət təmsilçisini aydan arı, sudan duru saydığıma görə demirəm. Futbol ictimaiyyəti hamını yaxşı tanıyır. Elə faş olmuş simalar var ki, onlar haqda hamının bildiyi həqiqətlərdən artığını yazmaq özünə, peşəsinə oxucusuna hörmət edən qələm sahibinə yaraşmaz. Haşiyədən qismən çıxmaq məcburiyyətindəyəm...
Məsələn, bu gün Frits Stuxlikin rəhbəri olduğu Hakimlər və Hakim İnspektorlar komitəsində Elçin Məmmədov (adı bəs edir) başda olmaqla, hər biri ayrı-ayrılıqda rüşvət almış, sifariş qəbul etmiş, haqq yemiş sabiq "qarapaltarlılar” cəmləşib. Heç biri Əfqandan təmiz sayıla bilməz. "Fıştırığı qana batmış” hakimlərin hansı hoqqalardan çıxdığını, samballı məbləğlər qarşısında tab gətirməyib karyerasını bitirmək riskinə getdiyini bilməyən varmı? İndi məşhur "qatar əhvalatı”nın ardından illərlə Hakimlər Komitəsinin sədri qismində çalışmış Xaqani Məmmədov yoxdu, onun "hakimiyyət”i dönəmində AFFA-da sıxışdırılmış "fitli idman qanqsterləri” meydan sulayır. Yaxşı, başa düşdük, tutaq ki, Stuxlikin sələfi yaxşı sədr deyilmiş və nədənsə uzun illər keçəndən sonra ayılan "yuxarılar” dəyişikliyə ehtiyac duyub. Xırdalığa varsaq, keçmiş sədrin fəaliyyəti dövründə testlə bağlı nəticələri dəfələrlə saxtalaşdırması üzə çıxıb. Üstəlik, bir çox gənc hakim avstriyalı yeni patrona əvvəlki hakimbaşıdan gileylənib, normativləri yerinə yetirməyənlərin irəli çəkildiyini, özlərinin isə kənarda qaldığını bildirib. Xələfinin əlinə Məmmədovun qohumluq və şəxsi münasibətlər zəmnində irəli çəkdiyi, amma perspektiv vəd etməyən «fit sahibləri»nin siyahısı verilib.
Məgər bu o deməkdi ki, Anar Salmanov, Elçin Məmmədov və Vüsal Əliyevin bütün günahları yuyulub? Əmin olun, adıçəkilənlərdən hər biri postundan göndərilən sədrin yerini tutsaydı, bu gün başlarının altından daha betər işlər çıxardı. Komitədə oturub həmkarlarından çuğulluq edənlərin qəsdən mətbuata sızdırdığı informasiyalar təbii, məqsədlidi. Kimi özünü şirin satır, kimi məhz bu xarakterinə görə əməkhaqqı almağa öyrəşmiş personadı, kimi də ansambldan kənarda qalmağın fəsadlarından qorxur.
Deyirlər, Həmzəyev Stuxliki aldatmaq istəyib, özünü Əliyar Ağayevi, Rəhim Həsənovu yetişdirmiş xoca, Dünya Minifutbol Federasiyasının sədri kimi təqdim edib və yalan avstriyalının onu kənarlaşdırmasıyla nəticələnib. BTFB-nin icraçı katibindən bu məzəli informasiyanın hardan qaynaqlandığını özüm də soruşmuşam. Cavabı belə olub: "And olsun Allaha, ağ yalandı. Hər şeyi bir kənara qoyaq, bu qədər ağılsızlığı kim edər? Mən ona çimərlik futbolunda çalışdığımı demişəm. Haqqımda belə informasiyalar yaymaqla iç üzünü ortaya qoyanları şərəfli mübarizəyə səsləyirəm. Adamı istəməyəndə də kişi kimi istəməzlər. Yalanın həddi-hüdudu olar. Gülməli ittihamdı, vallah”.
... Oxuyub nəticə çıxarmaq, duruma qiymət vermək öz ixtiyarınızdadı. Amma AFFA-da gedənlərin dalınca danışmaqla kifayətlənib hansı əllə maaş yazılacağını gözləmək hara, Həmzəyev kimi beynəlxalq müstəvidə müsbət imic formalaşdırmaq hara. Bu adam hərəkətli, mübariz və işgüzardı. Gizlənməyə qoltuq yox, peşəkar inkişaf axtarır. Uğurlar, Həmzəyev!
Nihat Ağasoy, "Futbol+” qəzeti