"Sabah"ın baş məşqçisi Elşad Əhmədov klubun mətbuat xidmətinə müsahibə verib.
Fanat.Az xəbər verir ki, gənc mütəxəssis ilk olaraq dünən başa çatan 20 günlük Antalya toplanışını dəyərləndirib.
- Təlim-məşq toplanışına yanvarın 2-dən başladıq. İlk 10 gün fiziki hazırlıq üzərində çalışdıq. Sonrakı günlərdə isə taktiki-texniki hazırlığa üstünlük verdik. Bu müddətdə 4 yoxlama görüşü keçirdik ki, bunların da 2-də qalib gəlib, 2-dən heç-heçə ilə ayrıldıq. Çox şükür, oyunları zədəsiz başa vurduq.
- Antalyadakı təlim-məşq toplanışından razı qaldınız?
- Bəli, təlim-məşq toplanışından razı qaldım. Futbolçular bu hazırlıqda canla-başla çalışdılar. Yalnız hava ilə bağlı bir az çətinliyimiz oldu. Güclü yağış səbəbindən bir neçə məşqi fitnes zalında keçməli olduq.
- Yoxlama oyunları barədə nə deyə bilərsiniz?
- Maraqlı oyunlar oldu. Xüsusilə, 2 və 3-cü oyunlarda rəqiblərimizin səviyyəsi daha güclü idi. Həmin qarşılaşmalar komandamın real gücünü görmək baxımından daha əlverişli oldu. Ümumi götürəndə, oyunlarımızdan razı qaldım. Sonuncu, 4:4 hesablı heç-heçə etdiyimiz qarşılaşma da məni razı saldı. Qol buraxsaq da, komandamın 4 qol vurması sevindiricidir. Ümumilikdə, 4 oyuna 10 qol vurduq. Hücum xəttində irəliləyiş olması müsbət məqamdır. Çatışmayan cəhətlərimiz də var. Fasilənin bitməsinə 10 gün qalıb. Bu müddətdə çatışmayan cəhətlərimiz üzərində çalışacağıq.
- Ən razı qaldığınız oyun hansı oldu?
- "MTK Budapeşt”lə oyun məni daha çox razı saldı. Məncə, bu qarşılaşma daha maraqlı alındı. Bundan başqa, "Tobol”la görüşün ilk 60 dəqiqəsində sərgilədiyimiz oyundan da razı qaldım.
- "Sabah” tərəfdarlarına mövsümün ikinci yarısında nə vəd edirsiniz?
- Bizim əsas məqsədimiz gəncləri komandamıza qazandırmaqdır. Ancaq əlimizdən gələni edəcəyik ki, turnir cədvəlində də daha yüksək pillələrdə yer alaq.
Fanat.Az