"Güclü yağışın oyunumuza təsir etdiyini deməzdim, istədiyimiz oyun alındı. Düzdür, top itkiləri bir az çox oldu, sürət bir az aşağı idi. Amma digər tərəfdən mübarizə çox oldu. Çox istərdim ki, daha sürətli və baxımlı oyun olsun.Yenə də gərək bu hava şəraitinə uyğunlaşaq. İlk 45 dəqiqə bir meydançada, ikinci hissəni isə digər meydançada oynadıq".
Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Antalyada təlim-məşq toplanışı çərçivəsində "Piast"la heç-heçə (1:1) etdikləri oyundan sonra deyib.
O, yağışlı havanın proqramlarına hardasa təsir etdiyini söyləyib: "Amma belə hava şəraiti tək bizim yox, digər klubların da oyunlarına təsir göstərir. Sadəcə bir az sürət aşağı düşür. O da normaldır".
Q.Qurbanov komandanın futbolçularının hazırkı durumu haqda da danışıb: "Futbolçuların durumu pis deyil.Zubir və Miçelin mikro zədəsi var idi. Onlar sabahdan komandaya qoşulacaqlar. Demək olar ki, hər şey qaydasındadır.Günü-gündən yaxşılığa doğru gedir".
46 yaşlı mütəxəssis son 3 matçdır əsas heyətdə meydana daxil olan Riçard Almeydanın vəziyyəti barədə də fikirlərini bildirib: "O da gəldiyindən daha yaxşıya doğruya irəliləyir. Almeyaya əvvəlki formasına qayıtması üçün bir az da vaxt lazım ola bilər".
Q.Qurbanov futbolçusu Reynaldonun meydançada məşq etdiyini də söyləyib: "O, həm qaçışlar, həm də topla kiçik texniki məşqlərə başlayıb. Reynaldoya da bir az vaxt lazımdır".
Ağdam klubunun çalışdırıcısı transferlərlə bağlı danışıqların davam etdiyini vurğulayıb.
Fanat.Az