"Hava şəraitinin pis olması yayıma da təsir etdi. İnternetin kəsilməsi müşahidə edilirdi. İşlərimizin bir qismini internet vasitəsi ilə görürük. Buna görə də çətikliklər çəkdik. Çox pis vəziyyət yaranmışdı. Mən Antalyada heç vaxt belə vəziyyət görməmişdim. Son iki mövsümdə də burda olmuşam. Amma ilk dəfə belə hava şəraiti görürəm".
Bu sözləri Antalyada keçirilən "Qarabağ" - "Şaxtyor" (Ukrayna) oyunundan sonra Fanat.Az-a müsahibəsində "CBC-Sport"un baş direktoru Volkan Üst deyib.
Telekanal rəhbəri ukraynalıların 3:1 hesablı qələbəsi ilə yekunlaşan qarşılaşmadan sonra Fanat.Az-ın sullarını cavablandırıb:
- Görünən odur ki, Bakıdan çoxlu texnika gətirmisiz...
- Demək olar ki, bütün PTS-i söküb gətirmişik (gülür).
- Amma yayım internet vasitəsi ilə edilirdi?
- Hə, çünki bu havada peykə də etibar etmədik. Bir səyyar peyk sistemimiz də var idi. Şimşək vurmasından çəkindik. Ona görə də açmadıq. Yaxşı ki, açmamışıq, çünki çox şimşək çaxdı.
- Digər oyunlarda problemlər oldu?
- Yox, heç bir problem yaranmadı. Yalnız bu oyunda çətinliklər yaşadıq.
- Neçə oyun yayımlamağı planlaşdırmışdız?
- 4 oyun planlaşdırmışdıq. Bunlardan "Qəbələ"nin "Fakel"lə oyunu təxirə salındı. Digər 3 matçı efirə verdik. Yanvarın 21-i Antalyaya gəlmişdik. Bu gün işləri yekunlaşdırdıq və sabah Bakıya dönürük.
- Ayın 21-dək olan oyunları izləyə bildiz?
- Bir qismini izlədik. Sağ olsun klub nümayəndələri, özlərinin çəkdikləri görüntüləri təqdim etmişdilər. Biz də xəbərlərdə istifadə etdik.
- Ölkədə iki idman telekanalı var. Amma bu ilki oyunların böyük əksəriyyətini PFL öz saytı ilə yayımladı. Bunun səbəbi nədi? Niyə daha tez gələ bilmədiz Antalyaya?
- Fevralda başlayacaq Çempionlar Liqası və Avropa Liqasına hazırlaşmalı idik. Müəyyən proflaktik tədbirlər görülməli idi. Çempionatda da fasilə olduğundan bu işləri gördük.
- Bunu öncədən planlaşdırmaq mümkün deyildi?
- Bu işlər planlaşdırdığımız vaxtda görüldü. 16 günlük proses idi. Eyni proflaktik tədbirlər texnikalarla yanaşı, şirkətdə də aparıldı. Buna görə 21-dən sonrakı oyunlara gəlməli olduq.
- Qış fasiləsindən sonra verilişlərdə hansısa yeniliklər gözlənilirmi?
- 1-2 yenilik olacaq. Digər proqramlar olduğu kimi davam edəcək. Mən əsasən kubokun yerinin müəyyənləşməsini gözləyirəm. Əsl yeniliklər finalda olacaq.
- Bəzi rayonlarda "CBC-Sport"un yayımı ilə bağlı problem var. Hətta bir rayonda yayımlanır, qonşu rayonda isə yox. Bununla bağlı hər hansı işlər gedir?
- Kanal hər yerdə göstərir. Digər kanallar kimi, "CBC Sport"un da yerüstü yayımı açıqdı. Peyk vasitəsi ilə baxmaq üçün HD aparat lazımdı. Adi antenalarla bağlı isə heç bir problem yoxdu.
Əli Sahib
Antalya