Emil Balayevi Qazaxıstanın "Tobol" klubuna satan "Səbail" yeni qapıçı alıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi ukraynalı qolkiper Aleksandr Rıbkanı heyətinə qatıb. Müqavilənin detalları gizli saxlanılıb.
Kiyev "Dinamo"sunun (bu klubun yetirməsidi) sabiq qapıçısı bir müddət Ukrayna millisinə də düşüb. "Dinamo"ya qayıdana qədər "Obolon" və Donetsk "Şaxtyor"unda forma geyinmiş əlcək sahibi 2016-cı ildə Türkiyəyə yollanıb. "Çərçivə" qoruyucusu "Karabükspor"da 22 matça 50 topa buraxandan sonra (2017/18 mövsümündə) "Afyonspor"a üz tutub. Onun son iş yeri də elə Türkiyənin 1-ci liqa təmsilçisi "Afyonspor" olub.
Onu da bildirək ki, Rıbka 2012-ci ildə qanında qadağan olunmuş furosemid (sidikqovucu) preparatı tapıldığı üçün 2 illiyə bütün rəsmi qarşılaşmalarda oynamaqdan məhrum edilib. 2014-cü ildə karyerasını bərpa edən əlcək sahibinin 31 yaşı var. Sözügedən qapıçı 4 dəfə Ukrayna çempionu, 4 dəfə Ukrayna Kubokunun, 1 dəfə Ukrayna Superkubokunun qalibidi. 2011-ci ildə isə ölkəsində "ən yaxşı qapıçı” adını qazanıb.
Fanat.Az