"Berti Foqtsun müqaviləsi ilin sonunda başa çatacaq. Bundan sonra AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək. Onunla anlaşmanın uzadılıb-uzadılmayacağına da həmin toplantıda qərar veriləcək". Fanat.az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Baş katib AFFA rəhbərliyinin baş məşqçi məsələsi ilə bağlı gələn ay düşünməyə başlayacağını bildirib: "AFFA rəhbərliyi dekabrın əvvəllərindən başlayaraq bu məslə haqda düşünəcək. Daha sonra İcraiyyə Komitəsi toplaşacaq, hesabata, nəticələrə bir daha baxılacaq və müvafiq qərar qəbul ediləcək. Bu günə qədər heç bir namizəd müzakirə olunmayıb. Düşünürük ki, əvvəlcə təhlil aparaq. Hazırkı müqaviləni uzadırıq, ya yox. Bu məsələdə Berti Foqtsun da fikri öyrəniləcək. İcraiyyə Komitəsinin qərarı olduqdan sonra namizədlərə baxa bilərik".
Məmmədov Foqtsun Almaniya mətbuatına açıqlamasında Azərbaycanda qalmaq istəməməsi ilə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib: "O, bizə belə bir fikir bildirməyib. Heç kimi ölkəmizdə işləməyə məcbur etmirik. Onunla müqaviləmiz var. Son 5 ildə birgə işləmişik və müqavilə şərtlərinə qarşılıqlı şəkildə hörmət etmişik.
Fanat.az