Azərbaycanın tanınmış futbol azarkeşlərindən olaq zaqatalalı İnqilab Soltanov ölkə başçısı cənab İlham Əliyevə müraciət edib.
Müraciətin bir nüsxəsini də Sport7.az-ın redaksiyasına göndərən Soltanov dövlət başçısından bölgə futbolunun problemlərini diqqət mərkəzində saxlamağı xahiş edir. Həmin müraciəti sizə təqdim edirik:
Cənab Prezident, mən Zaqatala sakini İnqilaq Soltanov sizə müraciət etmək məcburiyyətindəyəm. İnanıram ki, mənim müraciətimi qəbul edəcək və səsimə səs verəcəksiniz!
Mən Zaqatala rayonu, Sülh küçəsi 6, 10 saylı evdə yaşayıram. Öz ölkəmi, vətənimi, torpağımı və doğma Azərbaycanımızı təmsil edən hər bir idmançımızı, xüsusən də futbolu sevirəm. Təəssüflər olsun ki, hər keçən gün Azərbaycan futbolu daha da acınacaqlı vəziyyətə düşür. Bu gün başda AFFA rəhbərliyi Azərbaycan futbolunun taleyinə biganədir. Sanki onlar bizim futbolun məhv olması üçün bütün imkanlardan istifadə edirlər. Buna sübut kimi bölgə futbolunun məhv edilməsini göstərmək olar. Bölglərdə yaşayan azarkeşlər futboldan, sevimli komandalarına azarkeşlik etmək məhrum ediliblər. Ölkə çempionatı yalnız Bakı şəhəri üçün keçirilir. "Qəbələ” istisna olmaqla heç bir bölgə təmsilçisi Azərbaycan Premyer Liqasında iştirak etmir. Buna səbəb isə başda AFFA-nın baş katibi Elxan Məmmmədov olmaqla bu qurumun əməkdaşlarının əməlləridir.
Tarix sübut edir ki, Azərbaycanın ən güclü futbolçularının 90 faizi həmişə bölgələrdə yetişmişdir. Amma hazırda bölgələrdə futbol can verir.
Cənab Prezident, sizin Azərbaycan idmanına diqqət və qayğınız hər kəsə məlumdur. Daim idmançılara lazımi diqqət göstərmisiniz. Mən İnqilab Soltanov bir Azərbaycan vətəndaşı və futbol azarkeşi kimi sizdən artıq dərəcədə xahiş edirəm ki, Azərbaycan futbolunu bu acınacaqlı vəziyyətdən xilas edəsiniz. Əyalət futboluna yeni nəfəs verin. Ümid edirəm ki, bu müraciətim Sizə gəlib çatsa, bölgə futbolunun problemlərini diqqətdən kənarda qoymayacaqsınız. Sizin bir göstərişiniz milyonlarla azarkeşə sevinc bəxş edəcək.
Cənab Prezident, sizdən xahiş edirəm ki, uçuruma gedən Azərbaycan futbolunu xilas edin, günahkarları cəzalandırın.
Hörmətlə və böyük ümidlərlə Zaqatala şəhər sakini İnqilab Soltanov.
Fanat.Az