Göyərtəsində Uelsin "Kardiff Siti" klubunun futbolçusu Emiliano Sala və pilot Devid İbbotsonun olduğu qəzaya düşən təyyarədən bir nəfərin meyiti çıxarılıb.
Fanat.Az xəbər verir ki, bu barədə Aviasiya Hadisələrinin Araşdırılması Şöbəsi məlumat yayıb. Təhqiqatçılar hələlik kimin meyitini götürdüklərini açıqlamırlar.
Bu arada Fransanın "Nant” klubu "Kardiff Siti"dən Salanın təzminatını tələb edib. Liqa 1 təmsilçisi 15 milyon funt-sterlinqin 10 gün ərzində ödənilməyəcəyi halda, qanuni addımlar atacaq. Klub rəhbərliyi Premyer Liqa təmsilçisindən təzminat almaq üçün FIFA-ya şikayət edəcək. "Nant" klubunun bu addımı "Kardiff Siti”ni təəccübləndirib.
Uels klubu isə Fransada Böyük Britaniyaya qayıdan zaman təyyarə qəzasına uğrayan və itkin düşən futbolçu ilə bağlı bütün məsələlər dəqiqləşməyənə kimi ödəmə etmək fikrində deyil. Belə ki, futbolçunu aparan təyyarənin qalıqları La-Manş boğazının dərinliklərində tapılıb.
Qeyd edək ki, Emiliano Sala "Kardiff Siti"yə qış transfer dövründə "Nant"dan 15 milyon funt sterlinqə keçib. O, Uels təmsilçisinin tarixində ən bahalı transfer olub. Sala Uelsə yanvarın 21-də axşam saatlarında çarter reysli təyyarə ilə yola düşüb. Planlaşdırılan enişdən bir saat əvvəl hava gəmisi radarlardan itib. Sonradan axtarış qrupu təyyarəni La Manş boğazından tapıb.
Fanat.Az