FİFA 2019-cu ildən milli komandaların reytinq siyahısını hər ay açıqlamayacaq.
Fanat.Az xəbər verir ki, ilin ilk siyahısını bu gün açıqlayan ali futbol qurumu daha 7 dəfə siyahı yeniləyəcək.
Belə ki, kişi yığmaların il ərzindəki reytinq siyahısı minimum rəqəmə - 8 dəfəyə endirilir. FİFA ilin ilk 8 ayından 4-nü buraxacaq. İlk yarımillikdə tək aylar, həmçinin avqust ayı boşa veriləcək.
Bu, reytinq tarixində ilk belə hadisədi. Təbii ki, təkmilləşmə illəri sayılan ilk dövr – 1992-93-cü illər sayılmamaq şərtilə. 1994-cü ildən standart vəziyyətə gətirilən cədvəl ildə ən azı 10 dəfə açıqlanırdı.
Bu il isə FİFA yeniliklə bu rəqəmi azaldır. Növbəti siyahını 4 apreldə dərc edəcək qurum 14 iyun, 18 iyulda da bu addımı atacaq. Yalnız son 4 ayda - 19 sentyabr, 24 oktyabr, 28 noyabr və 19 dekabrda siyahı açıqlanacaq.
Qeyd edək ki, ilk FİFA reytinqi 1992-ci ilin dekabrında dərc olunub.
Fanat.Az