Azərbaycanı Avropa Liqasında təmsil edəcək “İnter” daha bir futbolçu almağa hazırlaşır. Azerisport.az xəbər verir ki, paytaxt klubu gürcüstanlı hücumçu Aleksandr İaşvilinin keçidini rəsmiləşdirməyə yaxındır.
Tərəflərin bir illik müqavilə bağlaması gözlənilir. “Bankirlər” transferi rəsmiləşdirən kimi bu haqda ictimaiyyətə təqdim edəcək.
Qeyd edək ki, 35 yaşlı forvard peşəkar karyerasında Tiflis “Dinamo”sunda başlayıb. O, burda 1993–1997-ci illər aralığında 89 oyuna 84 qol vurub. 1997-ci ildə İaşvili Almaniyanın “Lübeck” klubuna icarəyə verilib və o, burda 15 oyunda 3 qola imza atıb. 1997–2007-ci illərdə “Freiburg”da keçirdiyi 255 oyunda isə Aleksandr 51 qolla yadda qalıb. 2007–2012-ci illər aralığında o, “Karlsruher” klubunda çıxış edib və bu komandada 141 oyuna 24 qol vurub. 2012–2013 mövsümündə çıxış etdiyi “Bochum”da isə 28 oyun keçirsə də, qol vura bilməyib.
İaşvili Gürcüstanın U-17, U-19, U-21 yığmalarında da çıxış edib. 1998-ci ildən çağırıldığı əsas yığmada isə o, 67 oyun keçirib, 15 qol vurub.
İdman24.az