"Komandamızda maddi cəhətdən heç bir problem yoxdu. Sadəcə, turnir cədvəlindəki yerimiz, məğlubiyyətlərin sıralanması futbolçularda gərginlik yaradır. Psixoloji gərginlikdən çıxa bilmirik. Məni bura klubun prezidenti gətirib. Gəlmişik ki, komandanı bu "qara zolaq"dan çıxaraq".
Fanat.Az xəbər verir ki, bu sözləri Topaz Premyer Liqasının XVI turunun "Neftçi" ilə oyunundan (0:2) sonra "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov deyib.
Baş məşqçi oyunla bağlı fikirlərini bildirib: "Bu gün uduzmalı deyildik. Qışda 4 yeni futbolçu gətirmişik, onlardan üçü legionerdi. Hamısını da birlikdə baxıb bəyənmişik. "Neftçi"yə qarşı qol vəziyyətləri yaratdıq. Penalti epizoduna da yenidən baxacağıq. 12 tur var, zamanla düzələcək, nəticələr gələcək".
Əhmədov klubda maliyyə problemlərinin olması ilə bağlı xəbərləri təkzib edib: "Bütün ödənişlər edilib. Hər yerdə gecikmələr olur. Mətbuat da yazmaq üçündü".
Baş məşqçi "Start heyətdə 5 legioner var idi. Deyirsiniz ki, futbolçularda özünəinam yoxdur. Amma bu, gənclər komandası deyil. Həmin legionerlər bura gəlirsə, hazır olmalıdır. Onları bura gətirməyin məsuliyyəti kimdədi" sualına belə cavab verib: "4 futbolçu transfer etmişik. 3-ü legionerdir, biri isə Vüsal İsgəndərli. Qalanları yayda gəlib. Əvvəldən məğlubiyyətlər olub deyə, o psixologiyanı komandanın başından çıxara bilmirik. Desəm ki, fiziki və ya taktiki cəhətdən problem var, yanılmış olaram. İstər-istəməz keçmiş futbolçuların psixologiyası yeni gələnlərə də təsir edir. Oyunçuları bura kimin gətirməyinin fərqi yoxdur. Yeni gələnləri bütün məşqçilər korpusu bəyənib".
"Keşlə"nin Müşahidə Şurasının sədri Zaur Axundov deyib ki, PFL icazə versə, texniki zonada əyləşəcək. Əhmədov bunu özü üçün əlavə təzyiq hesab etmir: "Mənim üçün heç bir gərginlik yoxdu. Klubun prezidentidi. Bu gün də görürsünüz ki, gərginlik yoxdu. Mən heç vaxt təzyiq altına düşmürəm. PFL icazə verəcəksə, deməli, oturmalıdı".
Fanat.Az