"Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundovun başı dərddədi. Nəhayət, ondan da hesabat istəyən tapıldı. AFFA-da 5-6 vəzifəni bir əldə cəmləyən bu şəxs indiyə qədər xərclədiklərinin hesabatını verməlidi.
Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, "Keşlə”də maaşların 3 ay yubanmasının və yalnız ötən şənbə verilməsinin səbəbi də bu imiş. Axundovun nəzarət etdiyi bütün sahələrə maliyyə axını dayandırılıb və müvafiq instansiyalar tərəfindən ciddi yoxlama aparılır. Zaur bəyin bir müddətdi ölkədə olmamasının da səbəbi bu imiş.
Axundovun "Keşlə”nin son oyunlarında gözə girməməsinin, paltardəyişmə otağına enib, əzələ nümayiş etdirməməsinin də səbəbi budur. Onunla bağlı ciddi narazılıqlar lazımi ünvanlara çatıb və onun niyə bu qədər özündənrazı davranmasını araşdırmağa başlayıblar. Artıq vətənə dönmüş Zaur bəy bu səbəbdən dili qısaldılmış kimi gəzir. Ciddi yoxlamalar gedir və nəticələri onun üçün arzuolunan deyil.
Haqqına girmək istəmirik, amma bu işdə Elxan Məmmədovun barmağı olsa, təəccüblənmərik. AFFA-nın baş katibi öz adamını – Rəmiş Malıyevi "Keşlə”yə boşuna göndərməmişdi. Bu şəxs maliyyəyə nəzarət etməli idi. Axundovsa assosiasiyanın sabiq hüquqşünasını gözümçıxdıya salmışdı. Tək qərar sahibi sədr olduğundan, Malıyev lazımsız fiqura çevrilmişdi. Lakin görünür, o, öz işini görürmüş və vəsaitin düzgün xərclənməməsi barədə hansısa məlumatlar lazımi yerlərə ötürülüb.
Təftiş yekunlaşıb, nəticələri isə tezliklə bilinəcək. Axundov təmiz işləyibsə və ya lazımi yerlərdən dəstək alacaqsa, yenə işinin başında olacaq, əks halda,futbolumuz qalmaqalçı idarəçinin həsrətinə dözməli olacaq. İpə-sapa yatmadı, çox böyüdü, böyüdüldü və hədəfə çevrildi. Baş katib bir müddət onu yanına çəkdi, nüfuzundan istifadə etdi, indi isə o, Məmmədova mane olmağa başlayıb, ipini çəkmək lazımdı. Çəkdirirlər...
Xəbərə "Keşlə”dən də reaksiya öyrənməyə çalışdıq. Klubdan Axundovun işinin başında olduğunu dedilər. Başqa heç nə. Bu yazıdan sonra əlavələri olsa, elə Zaur bəyin özünə tribuna verməyə hazırıq.
Fanat.Az