Nikola Yurçeviçin əməkhaqqısı haqda Xorvatiya mətbuatında oxuduq. Həmyerlilərinin illik 300 min avro əməkhaqqı alacağını vurğulayan media mənsubları bunun Berti Foqts və Robert Prosineçkinin məvacibindən 3 dəfə az olduğunu vurğulayıb.
Əlbəttə, Azərbaycan adlı məmləkətin seçməsinə rəhbərlik edən çalışdırıcı bundan çox almamalıdı. Digər tərəfdən, Yurçeviç özü də aldığından 3 dəfə az maaşa layiq məşqçidi.Ölkəsində "əbədi ikinci” kimi tanınan 52 yaşlı mütəxəssisin nəyə qadir olduğundan az-çox xəbərdarıq. Ən yaxın gələcəkdə xalq da AFFA-nın baş katibinin tapdığı xorvatın "sükanı arxası”na keçdiyi seçməyə nə verdiyini görmək imkanı qazanacaq.
Hə, qayıdaq maaş məsələsinə. Neft ölkəsinin futbol başbilənlərinin əhalisinin yaşayış səviyyəsi Azərbaycanınkından üstün olan Xorvatiya vətəndaşını illik 300 min avroya işləməyə razı salması yaxşı xəbərdi. Amma həqiqətdən çox yalana, daha doğrusu, planlı yalana bənzəyir. Sanki sözügedən ölkənin mətbuatına qəsdən ötürülmüş informasiyadı və bu yolla Azərbaycanın ictimaiyyətinə "baxın, biz nə münasib qiymətə məşqçi tapmışıq” mesajı göndərilib. Uğurlu gedişdi? Əsla!
Ölkə futbolsevərlərini AFFA-nın Yurçeviçə 300 min avro və ya 3 milyon avro məvacib verməyi boynuna götürməsi yumşaq desək, az maraqlandırır. Onsuz da hamı bilir ki, neftin pulları illərdi havaya sovrulur, inkişafla bağlı arzular arzu olaraq qalır, bir qrup "ütülü oğlan” ölkənin futbol təsərrüfatını sınaq poliqonuna çevirib. Şəffaflıqdan dəm vuranlar görə bilmədiyi işə uğur donu geyindirmək, Xorvatiya mətbuatına informasiya sızdırıb xalqla İSİ-nin (Pakistan Təhlükəsizlik Xidməti) əməkdaşlarısayağı gizlənqaç oynamaq əvəzinə əcnəbinin alacağı pulu açıqlamalıdı! Martı gözləmədən... Həm də futbol ictimaiyyətinin lağ mənbəyinə çevirdiyi əvvəlki maliyyə hesabatlarındakı "quyruqlu rəqəmlər”i köməyə çağırmadan...
Özünüzə sərf edəndə UEFA-nın tövsiyyələrindən qalxanınıza qulp düzəltdiyiniz kimi, ara-sıra futboldan iyrəndirdiyiniz ölkə vətəndaşlarını da düşünün, dilə gətirdiyiniz şəffaflıq sözünün "ş”-sini yada salın. İndi xalq hardan bilsin, öz başıyla qərar verdiyi bütün komandalarda fiaskoya uğramış Yurçeviç nə qədər alacaq? Futbolunun səviyyəsinə qibtə etdiyimiz ölkələrdə yığmaya baş məşqçi gətirəndə məvacibi haqda ilk olaraq çalışdırıcının təmsil etdiyi ölkəyə məlumat göndərmirlər.
Bu qədər tənqid olunmağınızın əsas səbəbi yalnız futbol anlayışınızın sıfırın altında olması deyil. Təkəbbürlülüyünüz, özünüzü hamıdan ağıllı saymağınız, iş görmək yerinə "kreslo”nuzu qorumaqla kifayətlənməyiniz, vəzifənizi itirməkdən qorxmağınız, ictimai qınaqla hesablaşmaq istəməməyinizdi. Özünüz də bilirsiz ki, sizi yalnız yaltaqlar dəstəkləyir, vədlərinizə isə axmaqlar inanır. Futbol cəhənnəm, heç olmasa, "yuxarılar” sizi yola salmağa qərar verənə qədər belə xırda məsələlərdə diqqətli olun.
Nihat Ağasoy
Fanat.Az