"Komandamızda maddi cəhətdən heç bir problem yoxdu. Sadəcə, turnir cədvəlindəki yerimiz, məğlubiyyətlərin sıralanması futbolçularda gərginlik yaradır. Psixoloji gərginlikdən çıxa bilmirik. Məni bura klubun prezidenti gətirib. Gəlmişik ki, komandanı bu "qara zolaqdan çıxaraq".
Tərlan Əhmədovun son turdakı məğlubiyyətdən sonra söylədiyi hər cümlədən ayrıca yazı yazmaq olar. "Neftçi”yə gözlənilən yenilgini şərh edən sabiq müdafiəçinin komandası həm də "zirzəmi”yə yuvarlandığından kefi əməlli-başlı pozulmuşdu. Maddi problemlə bağlı məsələni düz deyirdi. Ötən həftənin çərşənbə günü dekabrın, cümə günü yanvarın məvacibi futbolçulara paylanmışdı.
Psixoloji gərginlik
də uğursuz bəhanəyə bənzəmirdi. Ardından səsləndirilən fikirlər isə özünümüdafiə
xarakterli idi. Çalışdırıcının "hamısını BİRLİKDƏ baxıb bəyənmişik”, "3-ü
legionerdi, biri isə Vüsal İsgəndərli... Qalanları yayda gəlib”, "yeniləri
bütün məşqçilər korpusu bəyənib” və buna bənzər daha bir neçə cümləsi söylədiklərimə
əyani sübutdu. Zaur Axundovun texniki zonada peyda ola bilmək ehtimalıyla bağlı
suala uğurlu cavabı alqışlayaraq keçirəm mətləbə...
Komandadakı gərginliyin
iki səbəbkarı var: Azundov və Əhmədov. Mətbuatla münasibətləri düzgün
qurulmayıb. Başqanın "işgüzar imicinə xələl gətirənlər” ilə açıq mübarizəyə
girişməsi "harakiri”ni xatırlatdı. Halbuki bunadək iki çalışdırıcıyla yola getməyərək
ab-havanı şəxsən korlamışdı. Rəmiş Malıyevlə klubdaxili çəkişmələri bir kənara
qoysaq belə, o, başqanlığı yumşaq desək, yarıtmamışdı.
Əhmədov dönəmi çox
səsli-küylü başladı. Əslində qışa qədər nisbi sükut hökm sürməli, istənilməyən
oyunçuların ayrılmasına peşəkar şərait yaradılmalı, çətin vəziyyətə düşmüş
komandanın döyüş ruhu qorunmalıydı...
Bir rəhbərin yaxşı
psixoloq ola bilməməsinin acı nəticələri ilə tanış olun. Tərlan bəy Orxan Sadıqlı,
Vaqif Cavadov kimi yerliləri o qədər narazı yola saldı ki, komandada qalanların
da canına üşütmə düşdü. Səhv etməkdən qorxan, bir xəta ilə qurbana çevriləcəyindən
çəkinən oyunçu ilə hara qədər gedə bilərsən? Sadə məntiqlə, futbolçu ilk növbədə
özünəinamı qorumalı, səhvin üstünə gedib düz oynamağı öyrənməlidi. Deyilmi?
Əhmədov nəinki sərəncamındakılara, özünə qarşı da baxış bucağını dəyişməlidi. Kollektivdə günahkar axtarmaqla, fiziki planda açıq-aşkar "çatdırmayan” kollektivdə FİZİKİ MƏŞQÇİYƏ ehtiyac olmadığını söyləməklə 8 komandalı premyer-liqada da nəsə etmək çətin məsələdi. İndi hamı azdan-çoxdan bu idman növündən anlayır. Aftandil Hacıyev, Samir Abasov kimi "yeni məktəb” yolunu seçənlər var. Tərlan bəy bu dəfə də işinin öhdəsindən gəlməyəcəyi halda rəqabətdə uduzacağını anlamalıdı.
Bu gün son pilləyə
düşən "Keşlə”nin büdcəsi də digər "AFFA övladları”nınkından az deyil. Çoxu
legioner olan normal heyətdən nəticəyə gedə bilən kollektiv formalaşdırmaq baş
məşqçinin borcudu. Formalaşdıra bilmirsə, yenə də özü günahkardı. Ola bilsin,
zaman darlığı yenidənqurma komandanın özünün maksimum potensialını ortaya
qoymasına maneədi. Fəqət bu da çalışdırıcının burnundan uzağı görməyi
bacarmaması, düzgün strategiya seçməməsi anlamındadı.
İndi də Axundov növbəti yanlış gedişdə bulunaraq texniki zonada şəxsən əyləşməyə nail olsa, əməlli həngamə başlayacaq. İnanmırsız? Gəlin, gözləyək.
Nihat Ağasoy
"Futbol+" qəzeti