Baş katibin bu addımı təəccüb doğurmaya bilməzdi.
"Bakcell Arena"nın gerçək sahibi məlumdu - AFFA.
Yaxşı bəs ilboyu stadiona gərəkən xərclər kimin üzərinə düşür?
Sözügedən arena "Neftçi"yə icarəyə verilib və ya peşkəş edilibsə, gərçək söz sahibi kimdi, Elxan Məmmədov, yoxsa "Neftçi"?
"Daha dəqiq özləri bilər" deyib yola çıxdıq.
İlk olaraq "Neftçi" tərəfə üz tutduq. Klubun "media qapısı"nın zəngini çaldıq. Bu "qapı"ya cavabdeh - Rüstəm Allahverdiyev suallarımızı cavablandırdı.
- "Bakcell Arena" "Neftçi"yə icarəyə verilib, yoxsa artıq klubun balansındadı?
- Stadion AFFA-nın balansındadı. "Neftçi"yə icarəyə verilib.
- İcarə müddəti nə qədərdi?
- Əvəzsiz istifadə əsasında "Neftçi"yə verilib. Hər lisenziyalaşdırma dövründə müqavilə yenilənir. Stadionun saxlanılması və digər bütün xərcləri "Neftçi" ödəyir.
- Bəs gəlir AFFA-ya gedir, yoxsa "Neftçi"yə?
- Hansı gəlir?
- Məsələn, ad sponsorluğuna görə "Bakcell"dən gələn gəlir...
- Yox, bizim "Bakcell"ə heç bir anlaşmamız yoxdu. Bu məsələyə AFFA baxır. Bununla bağlı AFFA ilə əlaqə saxlaya bilərsiz.
- Belə başa düşdüm ki, AFFA-ya siz icarə pulu ödəmirsiz...
- Qeyd etdiyim kimi, AFFA stadionu "Neftçi"yə əvəzsiz istifadəyə verib. "Neftçi" tərəfi isə stadionun saxlanılması, kommunal və digər xərclərini ödəyir.
- Bəs millinin oyunlarında bu xərci necə tənzimləyirsiz?
- AFFA ilə "Neftçi" arasında bağlanmış müqaviləyə əsasən, milli komandaların təlim-məşq toplanışlarını və digər tədbirləri 15 gün əvvəlcədən xəbər verməklə, müstəqil şəkildə, əvəzsiz qaydada keçirə bilərlər. Millinin oyunları isə 1 ay öncədən xəbər verilməklə, müstəqil şəkildə, əvəzsiz keçirilə bilər.
Gördüyünüz kimi, AFFA-ya üz tutmaqdan başqa çarəmiz qalmadı. Görək AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Firuz Abdulla almaq istədiyimiz cavabı verəcək?
- "Bakcell Arena"ya görə "Bakcell"dən gələn pul AFFA-ya çatır, yoxsa "Neftçi"yə?
- Stadion AFFA-nın balansındadı. Sponsorluq haqqı da AFFA-ya çatır. Niyə "Neftçi"yə verilsin? "Bakcell Arena" əvəzsiz müqavilə əsasında "Neftçi"yə icarəyə verilib. Müqavilədə milli komandalarla bağlı bənd var. Ehtiyac olacağı halda istənilən vaxt millilər stadionun xidmətindən yararlana bilər.
- Bəs milli komandalar istifadə etdiyi vaxt xərcləri kim ödəyir? Kommunal və digər xərcləri nəzərdə tuturam...
- Anlaşmaya əsasən, bütün xərcləri "Neftçi" tərəfi ödəyir.
- Bilet satışı və digər gəlirlər kimə çatır?
- Millinin oyunlarını və bilet satışını AFFA təşkil edir. Gələn gəlir də AFFA-nın büdcəsinə daxil olur.
Vəssalam... Görünən odu ki, ət AFFA-nın, sümük isə "Neftçi"nin payına düşür. Bu anlaşmanın nə qədər peşəkar olduğunu deyə bilmərik.
Deyə biləcəyimiz isə "nuş olsun!"...
Cavab tapmağa calışan Əli Sahib idi.