"Keşlə” ötən tur düşdüyü "zirzəmi”dən çətinliklə də olsa, çıxdı. "Sumqayıt”la görüşdə uzatma dəqiqələrində vurduğu penalti sayəsində 2:1 hesablı qələbə qazanan Bakı təmsilçisinin çox tənqid olunan baş məşqçisi Tərlan Əhmədovun titrəyə-titrəyə sevinməyinin səbəbini anlamaq çətin deyildi.
Özünü qonaq kimi aparmayan "Sumqayıt”dan yaxşı oynamadıqları halda qazanılan qələbə, məntiqlə, mütəxəssisin uzun müddətdi şikayətçi olduğu psixoloji durumu qaydaya salmalıdı. Daha Müşahidə Şurasının sədri Zaur Axundov da yəqin, texniki zonada əyləşmək sevdasından əl çəkər. Ən azı, yenilənmiş heyətlə ilk zəfərini bayram edən Əhmədov kələfin ucunu növbəti dəfə itirənə qədər.
Arxayınlaşmağa heç bir əsas yoxdu. Tərlan bəyin özünün bu qış gətirdiyi yeni futbolçuların heç biri hələ arzulanan futbolla diqqət çəkməyib. Digər tərəfdən, ümumi fiziki hazırlıq baxımından da problemlər "göz oxşayır”. Baş məşqçi bundan sonranı düşünməli, şəxsən yol verdiyi yanlışlıqları təkrarlamadan yoluna davam etməyə çalışmalıdı. Belədə, zamanla öz imicinə vurduğu zərbələrin də sayı azalar, sadə dillə desək, vəziyyət yaxşıya doğru gedər...
Matçdan sonra özündən çıxan Ayxan Abbasovu anlamaq çətin deyildi. "Kimyaçılar”ın "alov püskürən” çalışdırıcısını menecer-prezident Riyad Rəfiyev də sakitləşdirə bilmirdi. Başqan postunda AFFA-nın baş katibi Elxan Məmmədovun xeyir-duası ilə əyləşən Rəfiyevin istefa vermək niyyətindən daşındırmağa çalışdığı bəstəboy mütəxəssis son nəticədə gedəsi olmadı. Sakitləşdirdilər, qərarından döndərdilər, mətbuat konfransında aqressiv davranışına görə media mənsublarından üzr istəyib yenilgiyə emosianal şərh verdi, məsələ müvəqqəti olaraq qapandı.
Şübhəsiz, onu həm yetirmələrinin meydanda mübahisə etməsi, həm xırda toxunuşdan sonra ustalıqla yıxılan Amil Yunanovun qazandığı penalti, həm də həmin epizodda "nöqtə”ni göstərən Rauf Allahverdiyevin fərqli qərar qəbul edə bilməməsi (videotəkrardan penalti olmadığı görünür) əsəbiləşdirmişdi. O Allahverdiyevin ki, fasilədə zədələnən adaşının – Cabbarovun əvəzinə meydana çıxmışdı. Yeri gəlmişkən, aşağı liqadan elitaya gələn fit sahibi yetərincə qətiyyətsiz görünürdü. Hakimlər və Hakim İnspektorlar Komitəsinin avstriyalı sədrinin belə məsələlərdə tələsdiyini vurğulamamaq günah olar. Mətləbdən uzaqlaşmayaq, peşəkar futbol klubu sayılan "Sumqayıt”ın iç üzünün açılması acı reallıqdı. Görünən budur ki, xarizmasız Rəfiyevi başqan yerinə qoyan yoxdu. Bir neçə epizodda bir-birinin üstünə qışqıran futbolçular da ümumi atmosferdən kənarda qalmayıb. Klubdaxili intizamsızlığın komandanın oyununda əksini tapması isə ən sadə qanunauyğunluqdu. AFFA-da kök atdığı dönəmdə lazımsız futbolçuların "milliləşdirilməsi"ndə baş katibə yaxından yardımçı olan Riad bəy yeni işinin öhdəsindən heç bu günlərdə xəyanətinin bir ili tamam olan Kamran Quliyev qədər də gələ bilmir.
Sabiq xəyanətkar prezident ordan "götürülüb”, "Neftçi”yə "qoyulan”a qədər ən azı intizamsılıqları ictimaiyyətdən gizlədə bilir, özünü olduğundan daha xarizmatik biri kimi təqdim etməyi bacarırdı.
Maraqlıdı, görəsən, Rəfiyev niyə baş məşqçinin qılığına girirdi? Məgər ölkədə Abbasov səviyyədə yerli mütəxəssis yoxdu? Menecer-prezidentin yerində hansısa qarapapaq başqan olsaydı, çalışdırıcını subordinasiya qaydalarına riayət etmədiyi üçün dərhal istefaya göndərərdi. Elxan Məmmədovun yetirmələrinin hələ də anlaya bilmədiyi Peşəkarlıq da elə burdan – bu qərardan başlayardı.
Hə, son məlumatlara görə, baş katibin "Neftçi”nin başqanı postunda özünə SOCAR-da yeni "daydaylar” tapandan sonra ustadına kəc baxmağa başlayan Quliyevi görməyə gözü yoxdu. Heç Kamran bəyin dövlət orqanına yaxın günlərdə verdiyi müsahibədə "mənim karyeramda onun çox böyük rolu olub” deyərək alovun üzərinə su səpməyə çalışması da işə yaramayıb. Rəfiyev isə hələ də "posluşnıy paren” çərçivəsindən kənara çıxmayıb, özünü mümkün qədər sakit aparmağa çalışır və sınaq poliqonuna çevrilmiş "xalq komandası”na Quliyevin yerinə göndəriləcəyi anı gözləyir. Bunun üçün ilk növbədə "Sumqayıt”dakı işi ilə özünə miras saydığı postda ümidləri doğrulda biləcəyini isbatlamalıdı. Səs-küy, planlaşdırılmamış istefa, yeni çalışdırıcının yeni transferlər istəməsi, 4-5 adamın xəbərdar olduğu menecerlik fəaliyyətinin xırdalıqlarından daha bir neçə insanın duyuq düşməsi siyasi yanlışlıq olardı. Yoxsa, yalvar-yaxar yerinə "partlamağa” xarizması çatmasa da, "mojeş i uyti” deməyə özündə cəsarət tapardı.
Fanat.Az