AFFA-nın gətirdiyi son əcnəbi çalışdırıcı - Yurçeviç bu gün Tovuz Futbol Akademiyasının yetirmələrini əsas milliyə çağırmalıydı. Baş katib Elxan Məmmədov deyib ki, Tovuzda yer seçilib, akademiya inşası planlaşdırılıb. Alqış! 10 il əvvəl görülməli iş haqqında 10 il sonra gələcək zamanda danışırıqsa, dərinə gedib yorulmağa dəyməz.
Yəqin, Berlin Akademiyasının iflasından sonra böyük toplantılarda akademiya sözünü işlətmək qadağan olunubmuş. AFFA-nın vitse-prezidenti Rauf Əliyevin kağız üzərində parlaq görünən planı fiaskoyla sonuclanandan bəri kimsə risk edib "gəlin, öz ölkəmizdə balaca bir akademiya açaq” deməyə belə qorxurmuşlar. Alqış! Elxan Məmmədov qorxmadı, cəsurcasına bu haqda birbaşa efirdə məlumat verdi…
Pafosu bir kənara qoysaq, gecikmiş və düzgün addımdı. Akademiya açmaqla bağlı indiyə qədər özünü səriştəsiz kimi tanıtmış adamların bu dəfə hansı səhvləri düzəltməyə can atacaqlarını izləmək maraqlı olacaq. Tovuz elə yerdi ki, AFFA-dakı yarıtmazlar rayonun ən əlverişsiz yerini seçib, orda ən pis akademiya tikdirsə belə, ölkəyə futbolçu verəcək. Sizcə, verməyəcək?
Fanat.Az