"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın XIX turunun "Səbail"lə səfərdə qolsuz heç-heçə etdikləri matçdan sonra mətbuat konfransı keçirib. Gənc mütəxəssis əvvəlcə görüşü dəyərləndirib.
- Əlbəttə, bu həftə bizi ağır oyun gözləyirdi. Bilirdik ki, qış fasiləsindən sonra ən yaxşı komandaya qarşı oynayırdıq. Həmkarım Aftandil Hacyevin Premyer Liqada ilk ilidi, yaxşı komanda yaradıb və ona uğurlar arzulayıram. Ardıcıl 4 oyunda məğlubiyyətdən sonra komandanı psixoloji cəhətdən hazırlamaq çətindi. Futbolçularıma göstərdikləri xatarkterə görə təşəkkür edirəm. Düzdür, qələbə daha yaxşı olardı. Ancaq uduzmadıq, qış fasiləsindən sonra ilk xalımızı qazandıq. Çalışacağıq ki, bu durumdan çıxaq. Bunun üçün bizə indi ilk növbədə birlik lazımdı. Azarkeşlərimizə dəstəyə görə minnətdaram.
- Bu heç-heçə dönüş nöqtəsi üçün bəs edəcək?
- Qış fasiləsindən sonra uduzduğumuz oyunlarda da rəqiblərdən geri qalmamışdıq. Ən yaralı yerimiz qol imkanlarından istifadə edə bilməməkdi. Belə rəqiblə oyunda 1-2 qol imkanı olur. Bu da oldu, ancaq istifadə edə bilmədik. Uda da bilmirsən, gərək uduzmayasan da. Bu 1 xal futbolçulara özlərinə gəlmələri üçün bəlkə kömək edəcək.
- Elvin Məmmədovun oyunu sizi razı salır?
- Çalışıram ki, komandamda kim var, onlardan istifadə edim. Elvin də zədədən sonra qayıdıb, ona vaxt lazımdı. Bu gün verdiyimiz tapşırıqları yerinə yetirdi.
- Peyman Babayi meydanda çox çalışsa da, qol hesabını hələ də aça bilmir. Onu Atilla Yıldırımla əvəzlənəcəyi gözləmək olardı, ancaq bu, baş vermədi...
- Bir komandada 20-22 nəfər futbolçu olur. Kimsə oynamırsa, bu, o demək deyil ki, zəifdi. Məşqlərə baxaraq kim daha yaxşı hazırdırsa, ona üstünlük veririik. Peyman həqiqətən çox çalışır. Sabah Atilladan da istifadə edəcəyik. Komandamızın bütün futbolçuları bizim üçün dəyərlidi. (sport24.az)
Fanat.Az